Ümumtəhsil məktəblərində növbəti dərs ilindən dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlar neçə gündür ki, mətbuatın gündəmindədir. Təhsil Nazirliyi bununla bağlı rəsmi açıqlama yayaraq, tədris ilinin başlanma vaxtının dəyişdirilməyəcəyini bildirib.
Nazirliyin yaydığı açıqlamada eyni zamanda qeyd olunur ki, 2014-2015-ci dərs ilindən məktəblərdə tədris ilinin müddətinin 3 həftə uzadılması nəzərdə tutulur. Bununla əlaqədar təşkilati tədbirlərin görülməsi planlaşdırılır.
Dərs ilinin başlanma vaxtı qabağa çəkilməyəcəksə, dərs ilinin müddəti necə uzadılacaq? Tanınmış təhsil eksperti Nabatəli Qulamoğlu Qaynar.info-ya açıqlamasında bildirdi ki, tədrisdə baş verən bu kimi dəyişikliklər standartların formalaşdırılmasıdır: "Standartlar daim dəyişir və yeniləşir. Beynəlxalq təhsil standartları da günü-gündən ağırlaşır. Ümumiyyətlə, təhsil dialektikasının qanunudur ki, təhsil standartları daim yenilənməlidir. Mənə elə gəlir ki, nazirlik bunun nəzərdə tutur. Müşahidə etdiyimiz ölkələrin heç birində sentyabrın 15-də dərs başlamır. Hamıda sentyabrın 1-də başlayır, may ayının 25-də bitir. Məsələ burdadır ki, mövzular məlumdur və elə mövzular var ki, həftədə 2-3 dəfə tədris olunmalıdır ki, keyfiyyətli tədris alınsın. İndi onu həftədə 1 dəfə tədris edirlər ki, kefiyyətdən söhbət belə gedə bilməz. Beynəlxalq standartlarda dərslərlə bağlı müəyyən tədris zamanı nəzərdə tutulub. Bəzən isə zaman bu standartlara əməl etməyə imkan vermir. Sentyabrın 15-dən başlayan və may ayının sonunda bitən dərs ilində o standartları tətbiq etmək mümkün deyil. Hesab edirəm ki, 3 həftə tədris ilinin genişləndirilməsi düzgün bir addımdır".
"Dərs ilinin başlama və bitmə vaxtı dəyişdirilməsi nəzərdə tutulmayıbsa, tədris müddəti necə uzadıla bilər?" sualının cavabında isə Nabatəli Qulamoğlu bildirid ki, yəqin Təhsil Nazirliyi bu standartı bu il üçün nəzərdə tutmayıb. Gələcəkdə ola bilər ki, dərslər mayın sonu yox, iyun ayının 10-u bitsin, sentyabr ayının 1-də də başlasın. Tətil günləri, həqiqətən, uzundur".