Ramazan ayında sağlam su istehlakı xüsusi əhəmiyyət daşıyır. Türkiyəli dietoloq Neslihan Öztürk Aktepe iftar zamanı suyun sürətli və həddindən artıq içilməməli olduğunu, bunun əvəzinə gün ərzində müəyyən fasilələrlə istehlak edilməsinin vacibliyini vurğulayıb.
Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, o, susuzluğun qarşısını almaq üçün duzlu, yağlı və qızartma yeməklərdən, eləcə də suyun yerini tutduğu düşünülən içkilərdən mümkün qədər az istifadə olunmasını tövsiyə edib.
Ramazan ayı gündəlik maye istehlakı vərdişlərinin dəyişdiyi xüsusi bir dövrdür. Yanlış su istehlakı bədənin maye balansına mənfi təsir göstərərək sağlamlıq problemlərinə yol aça bilər. Bəs Ramazanda su istehlakında nələrə diqqət edilməlidir?
"Təbii minerallı sular halsızlığın qarşısını alır"
Gün ərzində susuzluq hissinin yaranmaması üçün tövsiyələr verən Aktepe bildirib: "Gündəlik su istehlakı təxminən 2,5 litr olmalıdır. Bunun 1 litri sahurda, 1,5 litri isə iftarla sahur arasında içilməlidir ki, bədən susuz qalmasın. Ramazan ayında bədənin ehtiyac duyduğu mineralları qarşılamaq üçün təbii minerallarla zəngin suların istehlakı vacibdir. Bu sulara limon əlavə etmək elektrolit itkilərinin qarşısını alır. Orucluq zamanı baş verən halsızlıq vəziyyətinin də qarşısını almaq olar, çünki halsızlıq adətən elektrolit çatışmazlığı və qan şəkərindəki dalğalanmalarla əlaqədardır".
"Otaq temperaturunda su içməyi üstün tutun"
İftar zamanı edilən səhvlərə diqqət çəkən dietoloq "Orucluq açıldıqda sürətlə və həddindən artıq miqdarda su içmək həm mədənin tez boşalmasına, həm də qan şəkərinin qəfil enməsinə səbəb olur" deyə bildirib.
O, həmçinin əlavə edib: "Bu, böyrəklərin həddindən artıq sürətlə işləməsinə və tez-tez sidiyə getməyə səbəb olur. Belə olan halda bədən suyun faydalı təsirindən yararlana bilmir və onu sürətlə xaric edir. Suyu oturaraq, yavaş-yavaş içmək, mümkün qədər otaq temperaturunda istehlak etmək daha doğrudur".
"Meyvə və tərəvəz əsaslı qidalanmaq susuzluğu azaldır"
Su itkisinin qarşısını almaq üçün bəzi qida məhsullarından uzaq durmağın vacib olduğunu vurğulayan Aktepe bildirib: "Duzlu, yağlı və qızartma yeməklər ertəsi gün daha çox susamağa səbəb olur. Sahurda xiyar, balqabaq, ispanaq, brokkoli, balqabaq, portağal, naringi, qırmızı və qara meşə meyvələri, bol yaşıl tərəvəzlər, yulaf, qatıq və kefir kimi qidaların istehlakı həm toxluq hissini uzadır, həm də susuzluğu azaldır".
Aydın
Şərhlər