Xəbər lenti

“Dırnaq” işarəsindən çıxa bilsək...
Hüseynbala Səlimov
Ölkə06:11 16.06.2020

“Dırnaq” işarəsindən çıxa bilsək...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Hər bir millətin fəlsəfəsi, onun milli ideoloji kodları və yaxud da təsəvvürləri həm də onun zərb-məsəllərində, atalar sözlərində, hətta lətifələrində ehtiva olunur. Məsələn, siz Molla Nəsrəddin lətifələrinə elə-belə baxmayın, sadəcə, gülmək üçün deyil bunlar, burada ən azı dərin sufi kodları əks olunub.
Amma sözüm bunda deyil, ondadır ki, bizim məşhur məsəlimiz var. Bəli, deyir ki, yetimi sevindirməyə nə var ki? Papağını alırsan, başlayır ağlamağa, qaytarırsan, gülür və hətta sifətinə təbəssüm nədi, əməlli-başlı minnətdarlıq hissi qonur, sanki papaq heç onun deyilmiş, guya ki, kimsə bunu ona hədiyyə edir...
Niyə deyirəm bunları? Suala aydınlıq gətirməmişdən öncə deyim ki, bizimlə bağlı çox məqamlar dırnaq işarəsilə bağlıdır, hətta axtarsan, bir millət və ya xalq olaraq özümüz də elə bil dırnaq işarəsində gəlmişik bu dünyaya və ha çalışırıq, bu işarədən dışarı qəti çıxa bilmirik...
Məsələn, mən bizim Dağlıq Qarabağ müharibəsindən yazanda özümü müharibə sözünü dırnaqda yazmaqdan zorla saxlayıram – yox, itkilərimiz çox olub, xeyli qəhrəmanlarımız da var, amma bununla belə, bu yeganə məsələlərdəndir ki, mən azərbaycanlıların məşhur "oyundur” deyiminə tamam "hə” deməsəm də, tamamilə "yox” da deyə bilmirəm. 
Üstəlik, inanın ki, mən də "Qarabağ bizimdir!” sözlərindən sonra bir yox, lap üç nida işarəsi qoymaq istəyirəm, amma dərhal da yadıma düşür ki, dırnaq işarəsi də var bizim qrammatik işarələr arasında... 
Özü də bu təkcə çağdaş Azərbaycana aid deyil. Əsrin əvvəlində Birinci Respublikanın çöküşünü əsaslandırmaq üçün xeyli "obyektiv” və "subyektiv” səbəblər fikirləşmişik. Bəxtimiz onda gətirib ki, əsrin əvvəlində təkcə bizim Birinci Respublikamız süqut etməyib, eyni aqibəti gürcülər və hətta düşmən ermənilər də yaşayıb. 
Amma mən sizi indi ötən əsrin sonlarına diqqət yetirməyə dəvət edirəm. Ac-yalavac, silahsız-sursatsız sovet Rusiyası deyil, qüdrətli nüvə dövləti olan SSRİ Əfqanıstan və onun xalqı ilə bacarmadı, bir xeyli bu ölkədə vuruşub əldən düşəndən sonra onun sərhədlərini tərk etməli oldu, ona görə ki, burada rus imperiyasının heç bir nömrəsi keçmədi: varlılardan torpağı, sərvəti alıb kasıblara paylamaq istədi, amma alınmadı, ona görə ki, kasıb əfqanlar "haramdır!” deyib buna yaxın durmadılar. Ruslar savadsız əfqan xalqına elm–bilik öyrətmək istədi, öz ali məktəblərini əfqanlarla doldurdu, amma faydası olmadı, əfqanlar sovetin əsas elmini – ateizmi və "elmi kommunizmi” qəbul etmədilər və "küfrdür!” deyərək onları öyrənmədilər. 
Elə sovetlər özləri də əfqanlardan az şey öyrənmədi. Sovet zabitləri deyirdilər ki, atışma başlayan kimi xristian əsgərlər xaç vurur, müsəlmanlar isə Allahı çağırırdılar. Və bunun ardınca da həmin zabitlər özləri özləridən soruşurdular: bəs nə oldu bizim ateizm, sovet adamı ilə bağlı az qala, bir əsrlik nağıllarımız?.. 
Nə isə. Sözüm çox uzaqlara getdi. Qayıdaq mətləbə. Niyə yetimlər haqqında mətləbi xatırladım və adicə dırnaq işarəsi üstündə bu qədər dayandım? Səbəbsiz deyil. Dedim ki, bir çox məqamlara görə biz dırnaq işarəsini tərk edə bilmirik. Məsələn, bizim avropalılığımız da dırmaqda qəbul olunur və anlaşılır, halbuki iyirmiyə yaxın azman Avropa ölkəsi bizi də Şərqi Avropa ölkələrinə və xalqlarına aid edib. Amma biz bu məsələdə də dırnaqda qalmağa üstünlük veririk. 
Halbuki biz Şərq xalqları arasında Avropaya can atan bəlkə də ilk xalq olmuşuq. Bu ideologiyaya ilk dəfə bizi M.F.Axundzadə dəvət etmişdi və təəssüf, ona bizi Avropaya qovuşdurmaq müyəssər olmadı – onun Şahbazı Şərq cadugərlərinin tilsimləri ucbatından Parisə gedə bilmədi və bu, sonrakı dövlərdə sanki bir simvola çevrildi. 
Bəli, sonradan Avropaya gedənlər və orada təhsil alan bizim azərbaycanlılar çox olsa da, ölkə və xalq olaraq avropalı ola bilmədik, dırnaqda qaldıq – çar Rusiyasının zülmündən qurtulub sovet Rusiyasının hiyləsinə düçar olduq...
Amma budur, otuz ilə yaxındır ki, müstəqilik. Amma yenə də Avropaya aparan yollar bağlı qalıb. Elə ki, Avropa strukturları erməniləri və onların dılğır Ermənistanının siyasətini pisləyən bəyanatlar verirlər, bəli, Brüssel dönüb olur yaxşı! Yox, elə ki, bunu etmirlər, məlum olur ki, biz çox qədim Şərq xalqıyıq və bizim xeyli adət-ənənəmiz var ki, onlardan qəti keçə bilmərik. 
Qərəz, əlverişli vaxtlarda bizim bəzi siyasi təhlilçilərimiz dərhal yada salır ki, Azərbaycan Belarusla birlikdə Avropa ilə saziş imzalamayan tək Şərq Tərəfdaşlığı Proqramı üzvlərindən - iştirakçılarından biridir və biz mütləq bu sazişi imzalmalıyıq. 
Di gəl ki, onların sözünün kəsəri yoxdur, çünki bu adamlar qəti anlaya bilmir ki, adi mentalitet məsələsi deyil bu, bizim üçün çox ciddi problemdir – bizim başbilənlərimiz avropalı xalqı idarə etmək əzmində və gücündə deyillər.  
Məsələn, elə belədə deyəndə ki, niyə biz Dünya Ticarət Təşkilatına üzv olmayan iki–üç ölkədən biriyik, qayıdırlar ki, onu imzalayanlar nəyə nail olublar? 
Əlbəttə, biz də bunun qarşılığında soruşa bilərdik ki, bəs biz bunu imzalamamaqla nə qazanmışıq? Amma etmirik, çünki dırnaq işarəsindən çıxmaq istəmirik – lap təbiətdəki bəzi zirehli-dəbilqəli canlılar kimi...