Dünya 18:51 29.03.2023

Döyüş meydanında ukraynalıların əsas hansı silaha ehtiyacı var? - Pentaqon açıqladı

ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin bildirib ki, hazırda Ukrayna ən çox hava hücumundan müdafiə vasitələrinə, uzaq mənzilli silahlara və zirehli texnikaya ehtiyac duyur və F16 "müharibənin indiki mərhələsində” ukraynalılara kömək etməyəcək.

Qaynarinfo "Amerikanın səsi”nə istinadən zəbər verir ki, bu barədə Ostin Senatın Silahlı Qüvvələr Komitəsinin dinləmələri zamanı çıxışında bildirib. 

"İndi ukraynalıların əsas ehtiyacı hava hücumundan müdafiədir. Bu, döyüş meydanında kritik ehtiyacdır. Onlara həm də uzaq mənzilli silahlar və zirehli texnika lazımdır. Və biz onlara bu cür imkanların əhəmiyyətli paketini təqdim edirik. Biz həmçinin onları öyrədirik və verilən silahların təminatına  zəmanət veririk”, - Pentaqonun şefi deyib. 

"F16 qırıcılarına gəlincə, əgər belə bir qərar qəbul edilərsə, o zaman bu imkanların təmin edilməsi təxminən 18 ay çəkəcək, lakin bu, müharibənin indiki mərhələsində ukraynalılara kömək etməyəcək.

Ukraynalılar gələcəkdə qırıcı təyyarələr ala bilərmi? Hamımız buna inanırıq. Potensial olaraq, bu, ya F16, ya da digər dördüncü nəsil təyyarələr ola bilər.
Buna görə də biz tərəfdaşlarımızla işləməyə davam edəcəyik ki, Ukrayna tam olaraq ehtiyac duyduğu şeyə sahib olsun”, - Ostin vurğulayıb.

Ostin hesab edir ki, Ukrayna Rusiya qüvvələrinin əhəmiyyətli dərəcədə tükənməsi səbəbindən və Qərb silahlarının köməyi ilə 2023-cü ilin yazında uğurlu əks-hücum etmək üçün "çox yaxşı şanslara” malikdir. 

Nizami Bağırov