Xəbər lenti

Doğrulara alışmaq, yanlışlara aşiq olmaq
Ölkə10:53 05.03.2017

Doğrulara alışmaq, yanlışlara aşiq olmaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aysel Novruz

Həyat və yaşamaq həqiqəti zamanla gizlədir. İnsan çılpaq doğulur və çılpaq gedir.

İki vur iki dörd edir.

Gözümüzü kor edir boş və mənasız şeylər.

Başımızı incəsənət, iş, pul, gözəllik, komfortla qatırıq.

Biz fəlakətlərin sadəcə uzaqlar adlanan yerdə baş verə bildiyinə inanaraq yaşayırıq.

Durmadan irəli tələsirik. Qoyun sürüsü kimi bir cərgəyə düzülür insanlar və biz o cərgənin lap birincisi olmaq üçün ömrümüzü sərf edirik.

Sol tərəfi assimmetrik, yeni dəbli kofta çıxır və eşşək kimi işləyib qazandığımız pulu o "gözəllik" üçün qurban veririk. İsraf olmasın deyə az doldurmaq əvəzinə boşqabımızı, qarnımız partlayana qədər yeyib bitiririk masanı.
Biz iki vur ikidəki qanunauyğuluğun qədrini bilmirik.

Çılpaq gəlməyimiz və sadəcə əməllə gedəcəyimiz də bir şey ifadə etmir artıq bir azca böyüdükdən sonra.

Alışırıq.

Doğrulara alışıb yeni yanlışlara aşiq oluruq. Həyəcanlanmaq istəyirik.

Gecədəki sükutun pıçıldadıqlarını duymuruq. Yağış yağanda torpağın ətrini hiss edir, səmanı unuduruq.
Facebookda status yazmaq saatlarımız olur. Gözəl bir qız şəkillərinə görə hörmətə minir. Hamımız qısa yazıları sevirik. Heç birimiz heç birimizin yanında ayaq saxlayıb həqiqətən nə dediyimizin fərqinə varmağa çalışmırıq.
Çoxumuz Allahdan qorxur, amma insanları hesaba almırıq. Biz Allahın rəhmətini tanıyıb qulun haqqını yarıda kəsirik.

Like xəstəsiyik.

Ən yaxşı universitet xəstəsiyik.

İmtahanda birincilik, gözəllikdə daimilik, yaşamaqda sürət xəstəsiyik.

Kamilləşdikcə susmağa, susduqda da eşidilməməyə başlayırıq.

Səhnə yüngül həvəskarların ifalarına qalır yenə.

Biz ikini ikiyə vurduqda dörd etməsəydi dərd edəcəkdi, bilmirik...

Sadəcə otur, dinlə. Cavab verməyə yox, anlamağa çalış.

Ürəyində bəyən...

Qaynar.Az