Bir neçə gün öncə Türkiyə Futbol Federasiyasının Superliqada oyun idarə edən təcrübəli hakimlərlə bağlı qərarı şok effekti yaratdı. Başda Türkiyənin əfsanəsi Cüneyt Çakır olmaqla 13 hakimin kənarlaşdırılması gözlənilməz qərar idi. Xüsusən də 15 gün sonra mundiala namizəd hakimlərin sınağına qatılmalı olan, lakin hadisələrin gedişatından sonra vəziyyəti qeyri-müəyyənləşən Çakır üçün böyük zərbə idi deyə bilərik. Çünki bu qərarla Çakırın böyük ehtimalla 2022-ci ildə Qətərdə keçiriləcək turnirə getmə ehtimalı da aradan qalxdı. Bəs bu qərar Türkiyə futbolundakı hakimliyə nə dərəcədə təsir edə bilər? Ümumiyyətlə, baş verənlərin arxasında nə dayanır?
Sabiq FİFA referisi Əfqan Həmzəyev Qaynarinfo-ya açıqlamasında yaşananları belə şərh edib:
"Heç bir halda çempionatın ortasında hakimlərin kənarlaşdırılmasına razı deyiləm. Belə olmamalıdır, çünki hakim mövsüm boyu əziyyət çəkir. Ancaq birdən-birə uzaqlaşdırılma qərarı ilə üzləşir. Özü də birdən-birə 13 hakim uzaqlaşdırıldı. Hansı ki, aralarında FİFA referisi, Türkiyə hakimlik tarixinə adını qızıl hərflərlə yazdıran Cüneyt Çakır da yer alıb. İnanmıram ki, Türkiyədə hansısa hakim yaxın illərdə Çakırın nəticələrini göstərə. Qətərdəki Dünya çempionatına dəvət almışdı. Bəlkə də ona finalı idarə etməyi tapşıracaqdılar. Hər halda stənilən neqativ qərar ölkədə hakimliyi birmənalı olaraq geriyə salır. Bunun alqışlanası tərəfi yoxdur. İkincisi, Türkiyə Futbol Federasiyası kimi qurumun 13 hakimin birdən-birə uzaqlaşdırması qərarı, görünür daha yuxarı instansiyalarda qəbul olunub. Hesab etmirəm ki, Türkiyə Hakimlər Komitəsi bunu özbaşına həyata keçirər. Bilirsiniz ki, Türkiyədə futbol federasiyası ilə yanaşı, Klublar Birliyi də var. Hansı ki, o birlik ən azı federasiya qədər güclüdür. Orada Klublar Birliyinin söz, qərar, hətta məsləhət vermək haqqı var. Hesab edirəm ki, bu Türkiyə Futbol Federasiyasının, Klublar Birliyinin və Hakimlər Komitəsinin birgə qərarıdır. Çünki uzaqlaşdırılan hakimlərin bəzilərindən çox sayda şikayətlər olurdu. Bu, bir-iki ilin söhbəti deyil. İllərlə yığılıb qalmış problemlərin göstəricisidir. 2008-2009-cu illərdə Hasan Doğanın vaxtında 3 hakimi bu şəkildə uzaqlaşdırmışdılar. Hətta onlara cinayət işi də açıldı. Düzdür, həmin hakimlərdən ikisi bəraət aldı. Digərinə isə oyun alğı-satqısı ittihamı ilə bəraət vermədilər. Düzdür, Çakırın belə bir işlə məşğul olmasına inanmıram. Çünki adamın hakimlik karyerasını bitirməsi üçün 1-2 ili qalıb. Orada Fırat Aydunus vardı, hansı ki, bu il hakimlikdən yaşı ilə əlaqədar gedirdi. Ancaq çempionatın ağırlığını nəzərə alıb, xahişlə onu geri qaytarmışdılar. İnsan gedirdi, nə üçün geri qaytarıb sonra bu şəkildə yola saldılar?”
Sabiq FİFA referisi bu məsələdə çoxlu suallar və ittihamları əsaslandırmaq lazım olduğunu düşünür:
"Hakimlərə qarşı ittiham irəli sürülürsə, deməli, əllərində tutarlı faktlar var. Bilmirəm, bəlkə telefonları dinlənilib, elektron poçt ünvanları sındırılıb, yaxud əlaqəli şəxslər olub. Deyə bilmərəm. Çünki faktları açıqlamırlar. TFF üç gündür susur. Bilirsiniz niyə? Bu, cinayət məcəlləsidir. Məni uzaqlaşdırırlarsa, bunun səbəbləri də açıqlanmalıdır. Çünki səbəb olmadan məhkəməyə müraciət edə bilmirsən. Suallar çoxdur, amma cavablar yoxdur. Ona görə də problem davam edir. Bu isə TFF-nin xeyrinə deyil. Hətta, Abdulkadir Bitigeni dünən təyyarədən düşürüblər. O, Çempionlar Liqasında "Mançester Siti”nin oyununa VAR hakimi kimi getməli idi. Belə şeylər necə olur? Bəzi hakimlərə bu turda oyun vermişdilər. Qərardan sonra isə hamısını geri çağırdılar. Belə çıxır ki, heç bu işdən Hakimlər Komitəsinin də xəbəri olmayıb. Olubsa və hakimlər uzaqlaşdırılacaqdısa, niyə həftəsonunda keçiriləcək oyunlar üçün onlara təyinat verilmişdi? Bilirsiniz ki, Türkiyədə oyunlara bir həftə əvvəl təyinat verilir və onlar hazırlaşırlar. Tutarlı faktlar varsa, səbəb göstərsinlər. Amma heç nə açıqlamırlar. Komandalar da çox narazıdır. Baxın alğı-satqı sübut olunarsa, bu, keçirilmiş oyunların ləğv edilməsi anlamına gəlir. Bu isə ümumi çempionatın oyun saylarının 1/4-ü qədərdir. Bu halda həmin çempionat ləğv olunmalıdır. Başa düşürsünüz, bütün bunlar nəyə gətirib çıxarır? Çempionat FİFA və UEFA-nın göndərdiyi əsasnaməyə uyğun keçirilir. Bəs nə baş verdi ki, belə qərar çıxarıldı? Bəlkə işin içinə FETO da girib? Bir neçə ay əvvəl "Adanaspor”un prezidenti açıq şəkildə bildirmişdi ki, hakimlər arasında, hətta Türkiyə Futbol Federasiyasında FETO-çular var. Bunlar təmizlənməlidir, yoxsa bir-bir adlarını açıqlayacaqlar. FETO ilə əlaqələri varsa, bu, artıq terror təşkilatına üzv deməkdir. Bəs belədirsə, niyə onlara cinayət işi açılmır? İstənilən halda Türkiyə futboluna zərbədir”.
Həmzəyev qərarın nə üçün məhz indi çıxarılmasının səbəbləri haqda düşüncələrini də bölüşüb:
"Bilirsiniz, onlar "Fənərbaxça” ilə "Trabzonspor”un oyununu gözləyirdilər. "Trabzonspor” 21 xal irəlidə idi. Ola bilərdi ki, "Fənərbaxça” qələbə qazansın və xal fərqi azalsın. Qarşılaşma heç-heçə bitəndən sonra çempionatda da hər şey məlum oldu. Qalib, həm də son 4 komanda böyük ölçüdə məlumdur. Ona görə də hakimlərin hamısını qovdular. Problemin kökünə enmək lazımdır. Addımlarını izah etməlidirlər və bu haqda FİFA-nı da məlumatlandırmalıdırlar. Hətta, Mete Kalkavan da TFF-nin addımını ədalətsiz sayaraq iclası yarımçıq tərk edib. O, da FİFA hakimidir. Bu çox ağır zərbədir, səbəbləri açıqlanmalıdır.
Maraqlıdır növbəti mövsümdə bunların fonunda Türkiyə çempionatı necə görünəcək:
"Bunun cavabını indi deyə bilmərəm. Düzdür, Türkiyənin aşağı dəstəsində oyun idarə edən hakimlər Superliqanın yükünü, ağırlığını çəkə bilməzlər. Ola bilsin xaricdən hakim dəvət etsinlər. Başqa ölkələr də bu təcrübədən istifadə edirlər. Yenə də Türkiyə futbolunun imicinə zərbədir. 85 milyonluq Türkiyədə hakim yetişmədi? Avropadan hakim gətirə bilərlər. İstənilən halda Dünya çempionatının finalını idarə etmiş bir hakimi belə yola salmaları biabırçılıqdır. Problem vardısa, bunu səssiz-səmirsiz həll edə bilərdilər. Səhvi varsa, ağıllı adam idisə, çıxıb gedərdi. Problem bundan ibarətdir”.
Səbuhi Həsənov