Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi keçirilən NATO-nun 36-cı Liderlər Sammiti bu gün Ankarada işə başlayıb. Dünya mediası sammitlə bağlı təhlillərində Türkiyənin beynəlxalq strateji mövqeyinin daha da gücləndiyini vurğulayır.
Qaynarinfo xəbər verir ki, ABŞ mətbuatının iddiasına görə, Prezident Donald Tramp sammit zamanı Türkiyənin yenidən F-35 proqramına qaytarılacağını elan edə bilər. Sammitin əsas gündəliyinə müdafiə xərcləri, "NATO 3.0” prosesi və Ukraynaya dəstək məsələləri daxildir.
7–8 iyul tarixlərində keçiriləcək sammitdə ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, NATO-ya üzv 31 ölkənin lideri iştirak edir. NATO-nun hazırda 32 üzvü var. Sammit çərçivəsində keçiriləcək görüşlərdə müdafiə sənayesi, ABŞ–Avropa münasibətləri və Türkiyənin strateji rolu müzakirə olunacaq.
ABŞ Prezidenti Donald Trampın Prezident Rəcəb Tayyib Ərdoğana Türkiyənin F-35 görünməz döyüş təyyarələrinin alınmasına imkan verəcək proqrama yenidən qoşula biləcəyini bildirəcəyi iddia olunur.
Sammit NATO tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Ötən il Haaqada keçirilmiş sammitdə qəbul edilən qərarların ilk dəfə Ankarada tətbiq olunacağı bildirilir. Ekspertlərin fikrincə, bu toplantı "NATO 3.0” dövrünün başlanğıcı olacaq və Soyuq müharibədən sonrakı mərhələnin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir.
Ankara sammitinin tarixi əhəmiyyəti
Ankara sammiti 2004-cü ildə İstanbulda keçirilmiş NATO sammiti ilə tarixi bağlılığı baxımından da diqqət çəkir. Həmin sammitdə NATO klassik kollektiv müdafiə konsepsiyasından uzaqlaşaraq böhranların idarə olunmasını və alyans hüdudlarından kənar əməliyyatları əsas prioritetlərdən biri kimi müəyyən etmişdi. Əfqanıstandakı missiyanın genişləndirilməsi və İraq təhlükəsizlik qüvvələrinin hazırlanmasına dair qərarlar da həmin dövrdə qəbul olunmuşdu.
Son 22 ildə təhlükəsizlik mühitində baş verən köklü dəyişikliklər NATO-nu "NATO 3.0” adlandırılan yeni yanaşmaya yönəldib. Bu dəyişikliklərin əsas konturlarının məhz Türkiyənin ev sahibliyi etdiyi sammitdə müəyyənləşəcəyi gözlənilir. Zirvənin 1952-ci ildən NATO üzvü olan Türkiyənin alyansdakı rolunu daha da möhkəmləndirəcəyi bildirilir.
"NATO 3.0” çərçivəsində üzv dövlətlərin müdafiə xərclərinin artırılması nəzərdə tutulur. Alyans ölkələrə ümumi daxili məhsulun 3,5 faizini hərbi investisiyalara, əlavə 1,5 faizini isə infrastruktur və dayanıqlılıq layihələrinə ayırmağı tövsiyə edir. Sammitdə ortaq müdafiə və istehsal layihələri, çoxqatlı müdafiə sistemi, eləcə də silah tədarükü ilə bağlı sazişlərin də müzakirə olunacağı gözlənilir.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ankaraya səfərindən əvvəl bildirib: "Hər sammit barədə tarixi olduğu deyilir, lakin bu dəfə həqiqətən də belədir".
Ekspertlər hesab edirlər ki, ABŞ-ın Avropadakı uzunmüddətli roluna dair qeyri-müəyyənliyin davam etdiyi bir dövrdə Ankarada mühüm qərarlar qəbul oluna bilər.
"New York Times": Tramp F-35 proqramına dönüşü elan edə bilər
"New York Times” qəzetinin məlumatına görə, Donald Tramp Ankara səfəri zamanı Türkiyənin F-35 proqramına yenidən qoşulacağını açıqlaya bilər. Bununla belə, onun hansı formada bəyanat verəcəyi hələlik məlum deyil.
ABŞ-dakı mənbələr bildirirlər ki, proqramın bərpası məqsədilə tərəflər arasında danışıqlar aparılır. Ağ ev isə məsələ ilə bağlı şərh sorğusuna cavab olaraq Trampın əvvəlki açıqlamalarına istinad edib.
Yunanıstan mediası: Türkiyənin NATO-dakı mövqeyi güclənir
Yunanıstanın "In Newspaper” xəbər portalı Türkiyənin NATO daxilində mövqeyinin gücləndiyini yazır. Məqalədə qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri ABŞ-dan sonra alyansın ikinci ən böyük ordusudur. Həmçinin vurğulanır ki, Ankara Rusiya ilə münasibətlərini tam pozmadan Moskvanın Qara dənizdə təsirinin genişlənməsinin qarşısını almağa töhfə verir.
Nəşr Donald Trampın Ağ evə qayıdışından sonra Ankara ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşdığını bildirir. "General Electric” şirkətinin mühərriklərinin Türkiyənin istehsal etdiyi beşinci nəsil "KAAN” qırıcıları üçün tədarükü və Türkiyənin yenidən F-35 proqramına daxil edilməsi ehtimalı bu prosesin göstəricisi kimi təqdim olunur.
"Skai”: NATO-nun mərkəzində Türkiyə dayanır
Yunanıstanın "Skai” xəbər portalı "NATO-nun mərkəzində Türkiyə” adlı təhlilində beynəlxalq hüquq professoru və Yeni Demokratiya Partiyasından deputat Angelos Siriqosun fikirlərinə yer verib.
Siriqos bildirib ki, NATO-nun fəaliyyət prinsipləri və strateji prioritetləri son illərdə ciddi şəkildə dəyişib. Onun sözlərinə görə, Rusiyanın yenidən alyansın əsas strateji planlaşdırma gündəminə qayıtması NATO-nun əvvəlki onilliklə müqayisədə fərqli fəaliyyət göstərməsinə səbəb olub.
Professor vurğulayıb ki, NATO bütün qərarlarını konsensus əsasında qəbul edir. Buna görə də alyans üzv dövlətlər arasında ikitərəfli mübahisələrə müdaxilə etmir. Onun sözlərinə görə, həm Yunanıstanın, həm də Türkiyənin öz mövqeyi olacaq və alyansın fərqli qərar qəbul etməsi mümkün deyil.
"NATO-nun Türkiyəyə ehtiyacı var”
"New York Times” qəzetinin digər məqaləsində vurğulanır ki, Türkiyə ABŞ-dan sonra NATO-nun ikinci ən böyük ordusuna malikdir.
"NATO-nun Türkiyəyə ehtiyacı var” başlıqlı yazıda qeyd edilir ki, Türkiyə Suriya və Ukraynada sınaqdan çıxmış, özünütəminetmə səviyyəsini getdikcə artıran yerli müdafiə sənayesinə malikdir. Bundan əlavə, Ankara İspaniya, İtaliya, Polşa və Belçika da daxil olmaqla, 10-dan çox Avropa ölkəsi ilə müdafiə sahəsində əməkdaşlıq sazişləri imzalayıb.
İstanbulda fəaliyyət göstərən "IstanPol” İnstitutunun eksperti Rikkardo Qasko "Euractiv” nəşrinə bildirib ki, Avropa İttifaqının müdafiə arxitekturası Türkiyəsiz tam ola bilməz. Onun sözlərinə görə, Türkiyənin "SAFE” mexanizminə tam qoşulması Brüssellə müdafiə sahəsində koordinasiyanı gücləndirəcək.
Afinadakı diplomatik mənbələr isə bildiriblər ki, Ankara son aylarda Avropa İttifaqı ölkələri ilə ikitərəfli müdafiə sazişlərinin genişləndirilməsi istiqamətində fəal diplomatik fəaliyyət göstərir.
Aydın
Şərhlər