İqtisadçı alim təklif verdi: “Təhsil Nazirliyi və Neft Fondu müdaxilə etsin...” Tanınmış iqtisadçı alim Qubad İbadoğlu xaricdə təhsil alan tələbələrlə bağlı münasibət aşıqlayıb. Musavat.com xəbər verir ki, Q. İbadoğlu özünün "Facebook" profilində bu mövzuda aşağıdakı statusu paylaşıb: “Manatın devalvasiyasından itkilərə məruz qalan həssas təbəqələrdən biri də xaricdə dövlət proqramı çərçivəsində təhsil alan tələbələr olub. Belə ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının” maliyyələşdirilməsinə ayrılan vəsait tələbələrin hesabına manatla köçürüldüyündən və onun xərclənməsi üçün limit (3 aylıq) qoyulduğundan hesablarında manatla vəsaiti olanlar devalvasiyadan tələbə üçün əhəmiyyətli olan ziyana düşüblər. Bu ziyan xüsusilə də Böyük Britaniyada, Avropa Birliyində və ABŞ-da təhsil alan tələbələrin yaşayışına və təhsilinə pis təsir göstərib. Həmin ölkələrdə yaşayış dəyərinin yüksək olduğunu nəzərə alsaq, ziyanın məbləği orda təhsil alan tələbələr üzrə daha çox (təxmini qiymətləndirmələrə görə orta hesabla 1-1,5 min dollar) olub. Odur ki, manatın devalvasiyasının dövlət proqramı ilə xaricdə təhsil alan tələbələrə neqativ təsirlərini azaltmaq Təhsil Nazirliyinin və Neft Fondunun bu məsələyə müdaxiləsinə ehtiyac yaranıb”.