
Gəncə Dövlət Universitetində (GDU) daha bir narazılıq baş qaldırıb. Bu dəfəki narazılığın səbəbi rektor Yusif Yusibovun müəllimlərə qarşı atdığı addım olub.
Qaynar.info-nun JAM.az-a istinadla verdiyi xəbərə görə, GDU-nun müəllimlərinin əmək haqqı kartlarının vaxtı qurtardığından onların yenilənməsi prosesi vacib bilinib. Sentyabr ayından etibarən başlanılan proses isə məlum olmayan səbəbdən hələ də həllini tapmayıb. Bu müddət ərzində maaş kartları olmadığından əmək haqlarını ala bilməyən müəllimlər isə rektorun məsələyə dırnaqarası yanaşmasından qəzəbləniblər.
Məlumatda deyilir ki, Yusif Yusibov vəziyyəti düzəltmək üçün Müəllimlər Günü və Qurban Bayramı ilə əlaqədar işçilərini başına yığaraq, onlarla bayram tədbiri keçirib. Bununla yaranmış narazılığı aradan qaldırmağa çalışan rektor gözlənilməz münasibətlə rastlaşıb. Belə ki, maaşlarını ala bilmədiklərindən heç bir bayram keçirmək imkanlarını olmadığını dilə gətirən müəllimlər GDU-nun rektorunu ittiham ediblər.
Yusibov isə vəziyyətdən çıxmaq üçün iddia edib ki, günah onda deyil, Kapital Bankdadır. Çünki bank müraciət çox olduğundan GDU-nun müəllimlərinə maaş kartlarının verilməsini yubatmaq məcburiyyətində qalıb. Lakin universitet müəllimlərində belə bir qənaət var ki, həmin kartlar rektordadır və o, oradakı pulları çıxardığından belə bir addım atıb.
Qaynar.info