(Yazı "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)
Azərbaycan öz müstəqilliyini bərpa etdiyi gündən müstəqil daxili və xarici siyasət yürütməklə yanaşı, dünyanın müxtəlif bölgələrində baş verən müharibələrin aradan qaldırılması, müxtəlif dövlətlər arasında mövcud olan gərginliyin söndürülməsinə də ciddi töhfələr verib və verməkdə davam edir.
Bu gün də Azərbaycan dünyada baş verən bir sıra proseslərdə, müxtəlif məkanlarda sülhün bərqərar olmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın dünya miqyasında nüfuz qazanmasını şərtləndirən amillərdən biri də ölkəmizin məhz hər zaman sülhə çağırışlar etməsi və bu istiqamətdə real addımlar atmasıdır.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Bakının bəşəri sülhə verdiyi töhfələrdən danışarkən bu fonda Qarabağ münaqişəsilə bağlı məsələni mütləq şəkildə qeyd etməli olduğumuzu vacib bilir:
"Çünki bu məsələ tək Azərbaycan dövləti və xalqı üçün önəmli deyil, həm də Cənubi Qafqaz regionu üçün önəmli xarakter daşıyırdı. Azərbaycan 44 günlük müharibə ilə münaqişənin həllinə nail olandan sonra regionda sülh, təhlükəsizlik və sabitliyin təməlinin qoyulması yolunda ciddi addımlar atdı. Bu addımlardan biri də Vətən müharibəsindən sonra regionda ortaya qoyduğumuz reallıqlarla bağlı idi. Regionumuz yüz illiklər boyu Rusiya, Türkiyə, İran və digər güc mərkəzlərinin marağında olub və bu maraqlar bölgəmizdə daim toqquşub. Amma Azərbaycan yeni geosiyasi, geostrateji, geoiqtisadi istiqamətlərdə yeni reallığı ortaya qoyduqdan sonra artıq həmin güc mərkəzlərinin maraqları regionumuzda uzlaşmağa başlayıb. Deməli, Bakı regionu maraqların toqquşmasından, maraqların uzlaşdığı bir bölgəyə çevirməyi bacardı. Uzun illər ərzində Rusiya ilə Türkiyə arasında regionumuzda mübarizə gedib. Bu gün isə onlar artıq uzlaşan siyasət yürüdür. Həmçinin, Türkiyə ilə İran arasında da münasibətlərin yaxşılaşdırılması və uzlaşdırılmasının şahidi oluruq. Zaman-zaman Bakı Tiflislə Moskva arasında əsən soyuq küləyin qarşısının alınmasında da ciddi siyasət ortaya qoyub”.
Həmsöhbətimiz Ukrayna-Rusiya savaşına da toxunaraq ümid etdiyini bildirdi ki, Azərbaycanın səyləri nəticəsində Kiyevlə Moskva arasında əsən soyuq küləklər də çəkilib gedəcək:
"Ukrayna ilə Rusiya arasında təəssüf ki, müharibə baş verdi. Bu hal Azərbaycanı da narahat edir. Bakının həm Ukrayna, həm də Rusiya ilə münasibətləri daim yaxşı olub. Həmin prosesin səngiməsi yolunda da Azərbaycan Prezidentinin ciddi səyləri olub. Prezident İlham Əliyev son zamanlar həm Ukrayna, həm də Rusiyaya səfərlər edib. Bu səfərlərin gedişində tərəflər arasında razılığın əldə edilməsi istiqamətində mühüm addımlar atıldı. Amma təəssüf ki, bu istiqamətdə bəzi təxribatçı qüvvələrin səyləri hələlik öz nəticəsini verməkdədir. Lakin bu o demək deyil ki, proses bitib, o davam edir. Həmin prosesdə aktiv rol oynayan dövlətlərdən biri də məhz Azərbaycandır. Ümid edək ki, bu da öz məntiqi nəticəsini verəcək”.
X. Bəşirovun fikrincə, müasir dövrdə dünyada sülhün təminində pandemiya ilə mübarizə də mühüm yer tutur:
"Pandemiya ilə mübarizəyə də Azərbaycan mühüm töhfələr verib və verməkdədir. Qeyd edək ki, pandemiya ayrı-ayrı dövlətlərin deyil, bütün bəşəriyyətin marağına ciddi təhdid yaradıb. Azərbaycan bu virusla mübarizə çərçivəsində BMT-nin dövlət və hökumət başçılarının xüsusi sessiyasının çağırılması təşəbbüsünü ortaya qoydu. Bu təşəbbüsün quruma üzv dövlətlərin mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi, sessiyanın çağırılması və burada qeyd edilən məqamların ciddi şəkildə müzakirə edilməsi, Bakı tərəfindən vaksin ədalətsizliyinə son qoyulması təşəbbüsünün ortaya qoyulması ölkəmizin sülhə verdiyi mühüm addım baxımından ciddi şəkildə dəyərləndirilməli fəaliyyətdir”.
X. Bəşirov Azərbaycanın bir sıra dövlətlər arasında yaşanan gərgin münasibətlərin aradan qaldırılmasında oynadığı rolu da yüksək qiymətləndirir:
"İsraillə Türkiyə arasında uzun illərdir soyuq külək əsirdi. Mərmərə gəmisində baş verən hadisədən sonra Təl-Əvivlə Ankara arasında münasibətlər kəskin şəkildə mənfi istiqamət götürmüşdü. Hətta bəzi məqamlarda onlar toqquşurdular. Azərbaycan Türkiyə ilə yaxın müttəfiq, qardaş və dost dövlətdir. Ölkəmizin haqq mübarizəsində Türkiyə daim Azərbaycana siyasi, diplomatik və mənəvi dəstəyini göstərib. O, cümlədən İsrail də Azərbaycana hərtərəfli yardım əlini uzadıb. Ermənipərəst qüvvələrin ciddi səylərinə rəğmən, İsrail daim Azərbaycanın yanında olub. Hansı ki, bu dəstək tək siyasi, diplomatik və mənəvi dəstəkdən ibarət olmayıb. Onlar ölkəmizə həm də silah¸hərbi sursat baxımından dəstək göstərib. Hansı ki, həmin silahların torpaqlarımızın işğaldan azad edilməsində ciddi rolu oldu. Bu səbəbdən Bakı-Ankara, Bakı - Təl-Əviv münasibətlərinin yüksək səviyyədə olması Türkiyə ilə İsrail arasındakı münasibətlərdə mövcud olan gərginliyin aradan qaldırılmasında da böyük rol oynadı. Bu fonda da Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici siyasət öz əhəmiyyətilə seçildi. Məhz Bakının səylərinin nəticəsi olaraq artıq Ankara ilə Təl-Əviv arasında münasibətlər istiləşmə prosesindədir, tərəflər arasında qarşılıqlı səfərlərə start verilib. Bakının əməyi sayəsində İsraillə Türkiyə arasında nəhayət ki, mövcud buzlar əriməyə başlayıb.
Bir neçə il öncə Suriya Türkiyə sərhədində baş verən olaydan sonra Ankara ilə Moskva arasında yaşanan gərgin münasibətlər Azərbaycan Prezidentinin səyləri nəticəsində aradan qaldırıldı. Nəticədə indi Rusiya ilə Türkiyə arasında münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edib”.
Ekspert bildirir ki, Azərbaycan əsgərləri dünyanın müxtəlif yerlərində sülhməramlı qismində sülhün qorunmasına da ciddi töhfələr verib:
"Azərbaycan daim sülh, təhlükəsizlik və sabitliyin tərəfdarıdır. Dövlətlərin ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşıb, digər dövlətlərin daxili işlərinə qarışmayıb. Bu mənada ölkəmizin sülhməramlı missiyaların həyata keçirilməsində də mühüm rolu olub. Azərbaycan Bosniya və Hersoqovina, İraq və Əfqanıstanda bu missiyanı uğurla həyata keçirib. Bunun nəticəsidir ki, müxtəlif istiqamətlərdə Bakıya bu fəaliyyətinə görə, təşəkkürlər edilib.
Azərbaycanın bu istiqamətdə yürütdüyü aktiv fəaliyyətinin nəticəsidir ki, onun dünya miqyasında nüfuzu günü-gündən artır. Bakının yeritdiyi bu siyasət doğru siyasətdir. Onu davam etdirib, daha da inkişaf etdirməliyik ki, dünyanın hər yerində, hər zaman sülh günəşi doğsun”.
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.