"Bəzi federasiyalar bizə vaxtında və düzgün məlumatlar, siyahılar vermir. Bu da bizim işimizi çətinləşdirir".
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.
O, bu sözlərin bütün federasiyalara aid olmadığını söyləyib: "Özləri kimə aid olduğunu bilirlər. Daim onlarla əlaqədəyik. Bəzən isə bizə tövsiyələr verirlər. Bu, qəbuledilməzdir. Yaxşı olar ki, agentliyimizə test aparmaq qaydası deyilməsin".
Şəfəq Hüseynli bildirib ki, il ərzində götürülmüş test nümunələrinin 87 faizi Bakıda olub. Onun sözlərinə görə, 13 faiz regionlar və xarici ölkələrdə gerçəkləşib: "257 test yetkinlik yaşına çatmayan idmançıların payına düşür. 64 test isə məhdud qabiliyyətli idmançılardan götürülüb".
Direktor bildirib ki, AMADA tərəfindən 2022-ci ildə ümumilikdə 1456 test götürülüb. Onun sözlərinə görə, bunlardan 770-i yarış müddətində, 686-ı isə yarışdan kənarda baş tutub: "2022-ci ildə 7 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul edilib. Boks idman növündə iki, ağırlıqqaldırmada 2, güləş, karate və kikboksinqin hərəsində bir sanksiya qərarı qəbul edilib".
Agentlik rəhbəri bildirib ki, AMADA-nın Təhqiqat şöbəsi 2022-ci ildə 382 məsələ haqqında araşdırma aparıb: "Bunlardan 28-i antidopinq qayda pozuntusu üzrə, 43-ü məkan məlumatı xətası üzrə təhqiqatdır. O cümlədən, bu təhqiqatların 272-si dopinq nəzarəti protokolu üzrə yoxlamalar, 16-sı ifşaetmə məlumatları, 23-ü hədəfli testlər əsasında olub".
Hüseynli il ərzində ümumilikdə 4500 nəfəri əhatə edən 47 maarifləndirmə seminarı, 10 vebinar, 12 kütləvi təşviqat tədbiri, 20 tədbir keçirildiyini xatırladıb: "Bölgələrdə də belə tədbirlər gerçəkləşib. Burada 1300-dən artıq idmançı, məşqçi, həkim və idman müəllimləri iştirak edib".
Şərhlər