Son iki gündə Əfqanıstanın on vilayətində daşqın qurbanlarının sayı 23-ə çatıb.
Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.
Taliban hökumətinin Fövqəladə İdarəetmə Nazirliyinin sözçüsü Moləvi Məhəmməd Nəsim Həqqani bildirib ki, Əfqanıstanın Meydan Vərdək, Pəktika, Nəngərhar, Nuristan, Pərvan və Pəncşir də daxil olmaqla on əyalətində daşqın qurbanlarının sayı 23 nəfərə çatıb. 20 nəfər isə yaralanıb.
Adıçəkilən əyalətlərdə son iki gündə baş verən daşqınlar nəticəsində 2500-dən çox ev dağılıb, 2000-ə yaxın heyvan tələf olub.
Həmçinin bəzi şəhərlərarası yollar zədələnərək avtomobillərin hərəkəti üçün bağlanıb. Su basmış ərazilərə təcili yardım qrupları göndərilib, daşqından zərər çəkənlərə humanitar yardım çatdırılıb.
Nazirliyin məlumatına görə, son bir ayda Əfqanıstanın 20 əyalətində baş verən daşqınlar nəticəsində 90-dan çox insan həyatını itirib, 120-yə yaxın insan xəsarət alıb.
M.Arif