Xəbər lenti

Əgər Donaldı Co əvəz edərsə...
Hüseynbala Səlimov
Siyasət10:00 24.08.2020

Əgər Donaldı Co əvəz edərsə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov 
"Türkiyə Prezidenti R.T.Ərdoğan yalnız məni eşidir...” – doğrusu, biz Amerika prezidentinin bu sözlərinin mahiyyətinə varmaq üçün bir xeyli çalışdıq.
Bəli, hörmətli cənablar, bunu necə başa düşməyi əmr edirsiniz? Doğrudanmı, amerikalılar növbəti "düşmən obrazı”, növbəti "xortdan obrazı” üzərində çalışır?
Etiraf edirəm ki, əgər əvvəllər oxşar siyasətin şahidi olmasaydım, bu detala heç fikir belə verməzdim. Amma yaxşı xatırlayıram ki, amerikalılar ən müxtəlif vaxtlarda Səddamla, Qəzzafi ilə, eləcə də digər avtoritar müsəlman liderlərilə bağlı əsl xortdan obrazı yaradırdılar.
Əlbəttə, Səddamla, Qəzzafi ilə bağlı bunun üçün münbit zəmin və obyektiv əsaslar vardı – bu adamlar həqiqətən diktator idilər və ölkələrini də əsl diktaturalar kimi idarə edirdilər. Amma R.Ərdoğan demokratk bir ölkəni təmsil edir, onun seçilmiş prezidentidir, Türkiyə NATO-nun üzvü olan bir dövlətdir və uzun illərdir ki, hətta AB–nin üzvü olmağa çalışır!
Amma amerikalıların Türkiyə prezidentini sevməmələrini biz hələ prezident B.Obamanın vaxtından bilirik. Sonuncunun Türkiyə prezidenti ilə bağlı dediyi sözlər hələ də yadımızdadır: "Ərdoğan yaxşı müsəlman idi”. Bəli, indi - hazırda yaxşı müsəlman deyil, məhz keçmişdə idi!..
Bəs axı amerikalıların Türkiyə prezidentini sevməməsinin səbəbləri nədir? Biz, əlbəttə, bu sualın tam, tükəndirici cavabını bilmirik. Amma Türkiyədə baş tutmayan sonuncu hərbi çevriliş zamanı anladıq ki, ABŞ üçün hazırda "yaxşı müsəlman” rolunu A.Gülən oynayır...
Prinsipcə, Türkiyə prezidentinə qarşı soyuq münasibətin səbəblərini araşdırmağa cəhd etmək olar. Məsələ güman ki, ABŞ-ın regional siyasəti, Yaxın Şərq planları ilə bağlıdır. Etiraf edirik ki, biz özümüz də Ərdoğanın Yaxın Şərq siyasətinin bəzi məqamlarını bölüşmürük. 
Bəli, ABŞ-ın Yaxın Şərq siyasətində iki vektoru ayırmaq olar: bunlardan biri İsrail, digəri isə kürd məsələsidir. Ərdoğan bunların heç birinin güclənməsini istəmir.
Burada bir suala cavab verməyə çalışmaq düz olardı: Belə siyasət Türkiyənin maraqlarına nə qədər cavab verir? Amma bu, çox yer və çox vaxt aparardı. Güman ki, kürd məsələsini İsrail problemindən ayırmaq daha düzgün olardı, hərçənd, burada da ilişgili məqamlar var. Amma ki, kürd məsələsi bilavasitə Türkiyənin daxili siyasətiylə bağlıdır.
İsrailə gəldikdə isə, burada iki məqam var. Birincisi, ərəb ölkələrindən fərqli olaraq Türkiyə İsrailin ümumiyyətlə, əleyhinə deyil, əksinə, ən son vaxtlara qədər iki ölkənin sıx münasibətləri vardı, bu gün də simmetrik diplomatik münasibətlər qorunub saxlanılır.
İkincisi, Türkiyə NATO-nun üzvüdür və bölgədə Qərbyönümlü bir ölkə, Qərb siyasi sisteminə malik bir dövlət kimi tanınır. Əgər İsrail diplomatları bu ölkə ilə də dil tapa bilmirsə, onu İrana və teokratik ərəb monarxiyalarına bərabər tutursa, deməli, onlar sadəcə, işləyə bilmirlər…
İsrail məsələsində daha bir vacib element də var: bu ölkə regionun aparıcı dövləti olmağa can atır və bəzi ərəb diktatorlarının devrilməsindən sonra məqsədə çox yaxın olduğunu düşünür. Bəzən belə bir təsəvvür yaranır ki, Yerusəlim bu yolda sonuncu maneə kimi Türkiyəni görür. Amma onlar yanılır. Əlbəttə, ərəb ölkələrinin on illərlə İsrailə qarşı apardıqları siyasəti heç bir halda təqdir etmək olmaz. Amma İsrail müsəlman ölkələrinin əhatəsində yerləşir və siyasətində bu amili də nəzərə almalıdır. Xüsusən də Ərəb Əmirlikləri ilə İsrail arasındakı son razılaşma göstərir ki, ərəblər də bəzi reallıqları başa düşür və bunları siyasətlərində nəzərə almağa çalışırlar.
Nəhayət ki, sonuncu haqda. ABŞ-ın prezidenti C.Bayden olarsa, mənzərə necə dəyişər? Düşünürük ki, Bayden Trampdan daha artıq israilpərəst siyasətçi olmayacaq. Məsələn, Yerusəlimlə bağlı qərarı ABŞ Konqresi hələ B.Klintonun vaxtında qəbul etmişdi. Amma nə Klinton özü, nə respublikaçı kiçik Buş, nə də demokrat prezident B.Obama belə bu qərarı dəstəkləmədi, Qüdsü İsrailin paytaxtı kimi tanımadı və bu qərarı yalnız D.Tramp verdi. Amma siyasətçilər belə bir detala diqqət edir ki, Bayden prezident olarsa, Konqressin qondarma erməni genosidi ilə bağlı qərarına dəstək verəcəkdir.
Biz, əlbəttə, bunu nə təsdiq, nə də inkar etmək iqtidarındayıq. Amma bizə elə gəlir ki, Bayden prezident olanda da ABŞ-ın dəyişməz maraqları nəzərə alınacaq. Sonuncular isə diqtə edir ki, rəsmi Ankara və onun xalqı ilə hərbi – siyasi əməkdaşlıq, iqtisadi əlaqələr davam etsin, Türkiyə ilə ABŞ arasında daim konstruktiv dialoq hökm sürsün.
Türkiyənin siyasi və hətta iqtisadi modeli İslam dünyası ölkələri üçün çox cəlbedicidir. Belə bir məqamı da unutmaq lazım deyil ki, "Türkiyə islamı” anlayışı da vardır. Həm də Türkiyə inkişaf modeli təkcə Qərbin yox, axtarsan, elə qonşu İsrailin də maraqlarına cavab verir...