Xəbər lenti

Eh, Paris, Paris...
Hüseynbala Səlimov
Siyasət 11:07 13.11.2023

Eh, Paris, Paris...

"Həndəsə və Marselyoza”, "Napoleon”, "Evaris Qalua” və nəhayət, "Səfillər” - bu kitablar Fransa tarixinin böyük bir dövrünü əhatə edir: inqilabdan, Böyük Napoleondan düz Kiçik Napoleona qədər! Bu, təkcə Fransa tarixinin yox, elə Dünya tarixinin də qızıl dövrü sayılır. 

Başa düşürəm, indi oxucumuz Fransaya, xüsusən də onun prezidenti Makron cənablarına qarşı acıqlıdır, özü də haqlı olaraq - elə mən də eyni hissləri keçirirəm, baxmayaraq ki, bu məsələdə sürpriz yoxdur. Hələ Fransa həmsədr təyin olunarkən bilirdik ki, bizim üçün çox çətin olacaq. 

Düzdür, o vaxtki Fransa prezidenti Jak Şirak münasibətlərdə partitet saxlamağa çalışırdı. Amma bu çox çəkmədi - növbəti prezidentlər gəldi və biri İrəvanı "qardaş”, o birisisə "bacı” adlandırdı. 

Amma gəlin etiraf edək ki, Parisin siyasəti heç bir vaxt Makron dövründə olduğu qədər ermənipərəst olmamışdı – cənab Makron bir vaxt Ermənistanla geosiyasi bağları olan Rusiyanı da tamam ötüb keçdi...

Bəli, Rusiya daha Ermənistandan ötrü sinov getmir - o, Azərbaycan və Türkiyə ilə münasibətlərinə də önəm verməyə başlayıb. Ona görə ki, türk və müsəlman amillərinin bu ölkə üçün müstəsna əhəmiyyəti var və Kremldə başa düşüblər ki, İstanbulu "tutmağa” çalışmaq əvəzinə onunla dost olmaq lazımdır.

ABŞ və Fransa da bunun nəzərə ala bilərdi. Ən azı ona görə ki, Makron cənabları elə bu yaxınlarda Mərkəzi Asiyaya səfər etdi. Türk dünyası elə ABŞ üçün də az önəm kəsb etmir. Amma bu ölkələr nə edir? İrəvanı Bakıya və Ankaraya qarşı qızışdırırlar!.. 

Elə Avropa strukturlarında da musiqini onlar sifariş verirlər. Özü də gör nə deyirlər: Bakıda həbsdə olan keçmiş Dağlıq Qarabağ separatçılarının "lider”lərini azad edin! Bunu elə bir vaxtda tələb edirlər ki, İsrail terrorçu HƏMAS-la müharibə aparır! Belə şey ola billərmi ki, bir yerdə terrorçulara bir münasibət olsun, başqa yerdə tamam başqa? Dünya, xüsusən də Avropa, doymadımı ikili standartlardan? Yaxın Şərq konteksində dəfələrlə yazmışıq ki, indiki müharibədə uşaqların, qadınların və qocaların ölməsi çox pis haldır, amma bizim terrorçulara yazığımız gəlməməlidir, çünki İsrail Fələstin muxtariyyatınə qarşı müharibə aparmır, bu istiqamətdə Təl-Əviv hələ bircə ədəd belə olsun, mərmi atmayıb! Amma bir daha deyirik ki, dünyanın hər yerrində bütün terrorçulara qarşı eyni münasibət olmalıdır... 

Cəmi iki-üç il bundan əvvəl, az qala, müasir Avropanın göbəyində - İspaniyada bir-ikicə həftə ərzində Katoloniya separatizminə son verildi, onların bütün "lider”ləri həbs olundular! İndi nə oldu? Niyə görə keçmiş Dağlıq Qarabağın cinayətkar "lider”lərinə azadlıq verilməlidir? 

Bu adamlar təkcə Azərbaycanın ərazi bütövlüyünə və yaxud da suverenliyinə qəsd etməyiblər, onlar dinc insanları qırıblar! Azərbaycan və azərbaycanlılar bütün bunları unuda bilərlərmi? İkinci Dünya müharibəsindən düz səksən ilə yaxın bir vaxt keçib. Amma faşistlər hələ də aşkarlanıb cəzalandırılırlar! Bunu xüsusən də İsrail və yəhudilər edirlər. Onlar yəhudilərin soyqırımında iştirak edən bütün faşistləri bir-bir aşkar edib cəzalandırdılar və çox düz də etdilər. Bir neçə il bundan əvvəl Yuqoslaviya canilərinə qarşı da beynəlxalq tribunal təşkil olundu...

Fransa niyə bunları unudur? ABŞ niyə bütün bunlara göz yumur? Axı səhv etmiriksə, ABŞ-da hökumət zəncilərə onlar bir vaxt qul edildiklərinə görə müavinət ödəyir! Bu nə deməkdir? O deməkdir ki, heç nə unudulmur. Ona görə ki, unudulan hər şey, dərs götürülməyən hər bir olay təzədən baş verə bilər. Elə bu səbəbdən də Araiklər, Bakolar, nə bilim, daha hansı zibillər, - bəli, onlar öz cəzalarını almalıdırlar, hətta Vaşinqton və yaxud da Paris bunu istəməsə də...

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->