Qərb ölkələri yüksək texnologiyalara malik olmasına baxmayaraq, ucuz və kiçik pilotsuz uçuş aparatlarına qarşı mübarizədə ciddi çətinliklərlə üzləşir.
Qaynarinfo xəbər verir ki, bu barədə hərbi aviasiya eksperti Anatoli Xrapçinski "Radio NV”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İranın "Şahed” tipli zərbə dronları ilə həyata keçirdiyi son hücumlar göstərib ki, hətta Avropa və bəzi ərəb ölkələri belə bu cür ucuz və az görünən hədəflərə qarşı effektiv müdafiə qurmaqda çətinlik çəkir.
Ekspert qeyd edib ki, problem "müharibənin riyaziyyatı” ilə bağlıdır. Onun fikrincə, ucuz dronlar kütləvi şəkildə istifadə edildikdə, onları məhv etmək üçün tətbiq olunan bahalı müdafiə vasitələri iqtisadi baxımdan səmərəsiz olur. Bu səbəbdən Avropa ölkələri radar və digər aşkarlama sistemlərinin dəyərini azaltmalı, həmçinin daha ucuz raket-tutucu sistemlər hazırlamalıdır.
Xrapçinski əlavə edib ki, Avropa öz müstəqil hava hücumundan müdafiə sistemlərini inkişaf etdirməli və yalnız ABŞ istehsalı olan Patriot sistemlərinə güvənməməlidir. O, alternativ olaraq SAMP/T və IRIS kimi sistemlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Bu arada "The Wall Street Journal” yazıb ki, İran "Şahed” dronlarından istifadə zamanı Rusiyanın Ukraynada tətbiq etdiyi taktikanı təkrarlayır. Bildirilir ki, bu hücumlar əsas infrastruktur obyektlərini hədəf alaraq həm iqtisadi zərər vurmaq, həm də əhalini psixoloji baxımdan zəiflətmək məqsədi daşıyır.
ABŞ senatoru Lindsey Qraham isə bildirib ki, İranla bağlı proseslərdən sonra ABŞ diqqətini digər regionlara, o cümlədən Kubaya yönəldə bilər. O, həmçinin İran rejiminin zəiflədiyini iddia edib.
Mütəxəssislər hesab edirlər ki, ucuz və kütləvi dron hücumları müasir müharibənin xarakterini dəyişir və müdafiə sistemlərinin daha əlçatan və iqtisadi cəhətdən səmərəli olması artıq strateji zərurətə çevrilib.
Günay
Şərhlər