"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid və əlil ailələrinin evlərinə getməsi və problemlə yerindəcə tanış olması müsbət haldır".
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Qadir İbrahimoğlu deyib. Onun fikrincə, bu praktika indiyədək olmayıb:
"Yəni vətəndaş daim məmurun qəbul otağında vaxt itirib. Məsələn, nazirlik əməkdaşlarının qazi Mehtiyev Həsən Rəcəb oğlunu (Saatlı rayonu), başqa qazi Ağasəlim Mürşüdovu (Ağsu rayonu) yaşadığı evində ziyarət etməsi, problemləri ilə maraqlanması və adekvat qərar qəbul etmələri yaxşı haldır. Ancaq bu məsələni təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə yükləmək düzgün olmazdı".
Ekspert hesab edir ki, şəhid və qazi ailələrinə Səhiyyə Nazirliyi, eləcə də rayon icra hakimiyyətlərinin dəstəyi vacibdir:
"Onların pulsuz müayinə və dərman xərclərini qarşılamaq, mənzil təminatını və məşğulluq problemini həll etmək həm də Səhiyyə Nazirliyi və yerli icra hakimiyyətlərinin borcudur. Hər qurum öz üzərinə düşən məsələni həll etməlidir".
Bahar Rüstəmli