.13"Ayman əl-Zəvahirin öldürülməsi böyük mənada ciddi dəyişikliyə səbəb olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Fərhad Məmmədov ABŞ tərəfindən Əfqanıstanda keçirilən antiterror əməliyyatı nəticəsində "Əl-Qaidə” təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülməsinə münasibət bildirərkən deyib.
Politoloq hesab edir ki, "Əl Qaidə” Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra sıxışdırılmış vəziyyətdə idi və buna görə də öz terror fəallığını Talibana qarşı yönəltmişdi:
"Əl Qaidə" cihad terror təşkilatlar sırasında öncüllüyünü çoxdan itirib. Ələxsus da Suriyada İŞİD yaranandan və Taliban Əfqanıstanda hakimiyyətə gələndən sonra cihadçı hərəkatın içində onların mövqeləri zəifləmişdi”.
Politoloq əl-Zəvahirinin ölümünün nələrə səbəb ola biləcəyini açıqlayıb:
"Böyük ehtimalla "Əl Qaidə” parçalanacaq, adətən belə olur, ya da özünə yeni bir imic seçəcək. Düşünürəm ki, daha az xarizmatik liderlər ortaya çıxacaq. Əl-Zəvahiri terrorçu olsa da, ciddi xarakterli insan idi. Onu daha gənc, daha az xarizmaya malik simanın əvəzləyəcəyini ehtimal etmək olar. Bu da öz növbəsində çihadçı hərəkatların daha da parcalanması və zəifləməsi ilə nəticələnəcək”.
ARAYIŞ
Qeyd edək ki, ABŞ tərəfindən Əfqanıstanda keçirilən antiterror əməliyyatı nəticəsində "Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülüb. 71 yaşlı Ayman Əl-Zəvahiri ABŞ-da törədilən 11 sentyabr terror aktının təşkilatçısı olaraq bilinirdi. O, Usamə bin Ladenin məhv edilməsindən sonra "Əl-Qaidə”yə rəhbərlik edirdi.
ABŞ Prezidenti Co Bayden Ayman əl-Zəvahirinin öldürülməsini təsdiqləyib: "Ədalət bərqərar oldu və bu terrorçu lider artıq yoxdur. Nə qədər vaxt aparsa da, harada gizlənsəniz də, xalqımız üçün təhlükə olsanız, Birləşmiş Ştatlar sizi tapıb çıxaracaq. O, Amerika vətəndaşlarına, Amerika hərbçilərinə, Amerika diplomatlarına və Amerika maraqlarına qarşı qətl və zorakılıq izini qoydu”.
Bahar Rüstəmli