Xəbər lenti

“Əlahəzrət” Cordanın milyonluq sərvəti - Basketbolçu necə milyarderə çevrildi?
İdman05:00 12.04.2022

“Əlahəzrət” Cordanın milyonluq sərvəti - Basketbolçu necə milyarderə çevrildi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
6 NBA çempionluğu olan keçmiş basketbolçu Maykl Cordan dünyanın ilk milyarder idmançısı hesab olunur. O, idmanı tərk etdikdən sonra, ağıllı investisiyaları ilə pulunu çoxaltmaqda davam edib. Hazırda Cordanın illik qazancı 145 milyon dollardır. 
Bəs Maykl Cordan bu imperiyanı necə qurub?
Qaynarinfo xəbər verir ki, milyarder idmançının basketbolla vidalaşmasından 19 il keçməsinə baxmayaraq, "əlahəzrət” ləqəbli Maykl Cordanın sərvəti 2014-cü ildən bəri artaraq 1 milyard dolları ötüb. Məşhur idmançıların əksəriyyəti idmanı tərk etdikdən sonra pullarını israf etdiyi halda, Cordan düzgün sərmayələrlə şəxsi sərvətini artırmaqda davam edir. "Forbes” jurnalının məlumatına görə, o qazancını 1,7 milyard dollara qədər artırıb. Məşhur basketbolçu LeBron Ceyms illik 90 milyon dollarlıq gəlirlə 145 milyon dollar qazanan Maykl Cordana çata bilmir. 
QƏLƏBƏLƏRLƏ DOLU KARYERA
Cordanın karyerası da uğurlarla doludur. O, Şimali Karolina Universitetində kollec liqasında NCAA-da bir çempionluq və 1984-cü il Olimpiadasında qızıl medal qazandıqdan sonra ABŞ basketbol liqasının NBA komandası olan Çikaqo Bulls tərəfindən həmin il 3-cü seçildi. O, bu komanda ilə ümumilikdə 6 çempionluq qazanıb. 1992-ci ildə isə ABŞ-ın məşhur Dream Team komandası ilə 2-ci Olimpiya qızılını qazanıb.
AIR JORDAN BRENDİ HƏLƏ DƏ ÇOX MƏŞHURDUR
Basketboldakı bu nailiyyətlər onun sərvətinin əsas mənbəyi deyil. Çikaqo Bulls ona illəri ərzində 90 milyon dollar qazandırdığı halda, o Çikaqoda keçirdiyi son iki mövsümdə 63 milyon dollar qazanıb. O, 1984-cü ildə basketboldan daha çox pul qazanana biləcəyi addımlar atıb. Belə ki, "Nike” ilə razılaşan basketbolçu özünün dünyaca məşhur brendi "Air Jordan”ın əsasını qoyub. ABŞ-ın idman geyim markası "Nike”ın qurucusu Pil Nayt onların ortaq olaraq nə qədər gəlirli olduğunu belə izah edir: "Həyatımda verdiyim ən yaxşı qərar, Cordan ilə illik 250.000 dollarlıq müqavilə imzalamaq idi".
 
Cordanın NBA-da yeni mövsümdə geyindiyi "Air Jordan One" ayaqqabıları keçən il Sotheby's hərrac evində hərraca çıxarılıb. Mənbə: Reuters
Peşəkar idmançı ilə müqaviləsi olan "Nike” şirkəti Air Jordan brendindən hər il 3,6 milyard dollar qazanır. Cordan bundan əlavə diəgər reklam müqavilələri də bağlayıb. Bunlara məşhur brendlərdən olan içki markası "Gatorade”, oyunçu kartı istehsalçısı "Upper Deck” və geyim markası "Hanes” aiddir.
NBA-da komanda sahibi olmaq
 
Cordanın sərvətinin böyük bir hissəsini NBA komandası "Charlotte Hornets” təşkil edir. Peşəkar idmançının 2010-cu ildə 175 milyon dollara aldığı komandanın hazırda 1,5 milyard dollar dəyəri var. Cordan 2019-cu ildə komandanın 20 faizini satsa da, hələ də səhmlərin 75 faizindən çoxuna sahibdir. Onu da xatırladaq ki, basketbolçu bu səhm satışından 300 milyon dollar qazanıb. O, NBA-dan başqa, ABŞ-ın məşhur avtomobil yarışı NASCAR-da yarışan 23XI komandasının da sahibidir.
Onun yatırımları tək bu sahələrlə məhdudlaşmayıb. 
Hazırda bir çox restoranlar, xüsusən də Floridada Yupiterdəki məşhur "1000 North” restoranı ona məxsusdur. Onun Çikaqo, Konnektikut və Vaşinqtonda da qril biftek restoranları var. Həmçinin bu il "Groove XXIII” adlanan və onun layihələndirdiyi qolf meydançası istifadəyə verilib. Qolf dərslərinin də keçirildiyi ərazidə "Air Jordan” brendinin qolf məhsullarından istifadə edilir. Bundan əlavə, Cordan Şimali Karolina ştatının Durnheym şəhərində Yaponiyanın avtomobil nəhəngi olan "Nissan”ın dileridir. Onun bu sahələrə yatırdığı investisiyalarla yanaşı, texnologiya sahəsində də uğurları var. Cordan bu yaxınlarda Silikon Vadisi startapı "Gigster”ə dəstək verib. Bundan əlavə, Cordan NBA-nın onlayn oyunçu kartı platforması olan "Top Shot”un bir hissəsi olan başlanğıc şirkəti "Dapper Labs”a aid 305 milyon dollarlıq sərmayənin bir hissəsidir.
MİLYON DOLLARLIQ EVLƏR
Cordan həm də çox dəbdəbəli həyat yaşayır. Onun Floridada 14 milyon dollara başa gələn  malikanəsi ilə yanaşı, göl mənzərəsi ilə diqqət çəkən Charlotte-də 2,8 milyon dollarlıq evi də var. Cordan illər əvvəl içində idman zalı da olan Çikaqodakı evini satışa çıxarmışdı. Ancaq illərdir özünə alıcı tapmayan evin satış dəyəri 14 milyon dollara düşüb. Onun evləri ilə yanaşı,  çoxsaylı dəbdəbəli avtomobilləri,  üzərində "Air Jordan” loqosu olan şəxsi təyyarəsi və 46 metrlik super dəbdəbəli "Mr. Terrible” yaxtası var.
O, yalnız yatırdığı investisiyalar və brendlərlə bağladığı müqavilələrlə pul qazanmır. Cordan qaldırdığı məhkəmə iddiaları ilə də milyonlarla dollar qazanıb. Onun Çin brendi "Qiaodan Sports”a qarşı qaldırdığı iddia 2016-cı ildə Cordanın xeyrinə həll olunub. Həmçinin, iki supermarket şəbəkəsi Dominick's və Jewel-Osco icazəsiz Cordanın adından istifadə etdiyi üçün onları məhkəməyə verib və milyonlarla dollar qazanıb.
Mənbələr: The Insider, Forbes, ESPN, Haber Global
Günay İlqarqızı