
“El” hərəkatının sədri Eldar Namazov Milli Şuranın Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsindən istefa verir.
Bu barədə AzNews.az saytı məlumat yayıb. Məlumata görə, E. Namazov Milli Şuranın Mərkəzi İcra Aparatının rəhbərliyindən getməsinin səbəbini bəzi funksionerlərlə, xüsusilə də Müsavat Partiyasının fəalları ilə tez-tez yaranan anlaşılmazlıqlarla bağlayıb.
Bildirilir ki, E.Namazovun bu addımından Rüstəm İbrahimbəyovun artıq xəbəri var. Hətta o, E.Namazovun yerinə yeni bir namizəd də irəli sürüb. Lakin “El” hərəkatından olan həmin namizəd bu yükün altına girməkdən imtina edib. Bildirib ki, E. Namazovun üzləşdiyi çətinliklərlə o da qarılaşacaq. Buna görə də, həmin vəzifəyə təyin olunmağın mənası yoxdur.
Məlumatda vurğulanır ki, R.İbrahimbəyovun istefasından sonra Milli Şuranın perspektivinə inanmayan E. Namazov, bundan sonrakı fəaliyyətini “El” hərəkatında - qurumun gücləndirilməsinə sərf etmək niyyətindədir.
“El” hərəkatının İdarə Heyətinin “skype” vasitəsilə bu gecə keçirilən toplantısında isə qurumun sessiyada açıqlanacaq mövqeyi müəyyənləşib. Hərəkat qərara gəlib ki, Milli Şurada həmsədrlik məsələsi, o cümlədən Rüstəm İbrahimbəyovun istefa verməsi ilə bağlı məktubu obyektiv müzakirə mövzusu olmalıdır.
Xəbərdə o da qeyd olunur ki, hərəkat Rüstəm İbrahimbəyovun sədr kimi qalmasında israrlı olacaq. Əgər təklif qəbul olunmayacaqsa, yeni sədrin indi seçilməsi ilə bağlı müzkirələrin davam etdirilməsi təklifi irəli sürüləcək.
Hazırda xaricdə ATƏT-in sammitində iştirak etdiyini deyən Eldar Namazov Qaynar.info-ya açıqlamasında yayılan xəbəri təkzib edib: " Milli Şuradan getməklə bağlı heç zaman fikrimiz olmayıb. Əksinə Milli Şuranı gücləndirmək lazımdır. Ancaq mən təqribən 10 gün bundan qabaq müraciət etmişəm ki, İcra Aparatına başqa bir adamın rəhbər seçsinlər. Buda onla bağlıdır ki, son zamanlar mən təşkilatı işlərlə bağlı yüküm çoxdur. Eyni zamanda bir neçə təşkilatın işini aparıram. Buna "El" Hərəkatı, Ziyalılar Formunu və Milli Şuranı misal göstərə bilərəm. Buna görə bir sahəylə ciddi məşğul olanda digər sahədə axsaqlıq olur. Bu baxımdan mən təklif etmişəm ki, İcra Aparatına yeni bir rəhbər seçsinlər. Amma bu Milli Şuradan getmək anlamına gəlməsin, əksinə bu qərar Milli Şuranın fəaliyyətini daha da gücləndirəcək. "El" Hərəkatının iclası oldu, bəzi məsələlər müzakirə olub. Növbəti zamanlarda bununla bağlı daha dəqiq məlumatlar verəcəyik".
Elkin Xəlilov
Qaynar.info