
Mediada yayılan məlumata görə, dünən EL hərəkatının rəhbərliyi toplaşıb.
Onların görüşü Novxanıda EL hərəkatının əlindən alındığı bildirilən üçmərtəbəli villada keçirilib.
Eldar Namazov Qaynar.info-ya açıqlamasında xəbəri təsdiqləyib: "İdarə heyyətinin iclası keçirilib. Ölkədə baş verən prosesləri, El Hərəkatının gələcək planlarını müzakirə etdik və müvafiq qərarlar qəbul etdik. Seçkilərdən sonra yaranmış durum, təşkilatlama məsələsi də hədəfdə idi. Bundan başqa, Milli Şura ilə bağlı da müzakirələr aparıldı. Bütün bunlarla bağlı mətbuata açıqlama veriləcək".
Konkret Milli Şura ilə bağlı məsələlərə gəlincə, E. Namazov bildirib ki, bu məsələ ilə bağlı mövqeləri dəyişməzdir: "Ölkənin daxili durumu, xarici siyasəti ilə bağlı müzakirələr geniş oldu. İdarə Heyyətinin bütün üzvləri bu barədə öz fikirlərini dedilər. Mövqeyimiz bəllidir, Milli Şuranın genişləndirilməsi onun işinin artırılması, fəaliyyətinin genişləndirilməsinin tərəfdarıyıq. Biz El Hərəkatı olaraq bunu əvvəldən demişik, yenə eyni fikirlərimizdə qalırıq".
Pərviz Əzimov
Qaynar.info