ABŞ-ın Massachusetts ştatından alimlər qarşıdakı on ildə qara dəliyin partlama ehtimalının təəccübləndirici dərəcədə yüksək olduğunu açıqlayıblar.
Qaynarinfo xəbər verir ki, "Physical Review Letters" jurnalında dərc olunan araşdırmaya görə, 2035-ci ilə qədər ən azı bir qara dəliyin partlama ehtimalı 90 faiz təşkil edir.
Araşdırmanın aparıcı müəllifi, Massaçusets Universitetinin (UMass Amherst) fizika professoru Maykl Beyker bildirib: "Biz bunun mütləq bu onillikdə baş verəcəyini iddia etmirik, amma 90 faiz ehtimalla bu mümkündür".
Qara dəliklər ulduzları parçalayan və yaxınlaşan hər şeyi udan güclü cazibə mərkəzləri kimi "dağıdıcı canavarlar" adlandırılır. Onlar böyük ulduzların yanacağının bitməsindən sonra supernova nəticəsində yaranır və kosmosda heç nəyin qaça bilməyəcəyi qədər sıx bir cazibə sahəsi buraxır.
Bununla belə, britaniyalı fizik Stiven Hokinq 1970-ci illərdə başqa bir növ qara dəliyin – ilkin qara dəliklərin (PBH) – mövcud ola biləcəyini irəli sürmüşdü. Onun nəzəriyyəsinə görə, PBH-lər Böyük Partlayışdan dərhal sonra, təxminən 13,8 milyard il əvvəl yaranmış ola bilər. Hokinq həmçinin iddia edib ki, qara dəliklər kifayət qədər qızdıqda "Hokinq radiasiyası" adlanan zərrəcikləri buraxır və bu proses sürətləndikcə qara dəliyin partlamasına səbəb ola bilər.
Əvvəllər belə partlayışların yalnız hər 100 min ildən bir baş verdiyi güman edilirdi. Lakin yeni hesablamalar PBH-lərin partlamalarının daha tez-tez – təxminən hər on ildə bir dəfə baş verə biləcəyini göstərir.
Belə partlayış gözlə görünməsə də, kosmik teleskoplar vasitəsilə müşahidə edilə bilər. Alimlərin sözlərinə görə, partlayış zamanı bütün əsas zərrəciklər, hətta indiyədək mövcudluğu təsdiqlənməmiş elementar hissəciklər də sərbəst buraxıla bilər. Bu isə kainatın mənşəyi ilə bağlı qədim suallara cavab vermək imkanı yarada bilər.
Müəlliflər qeyd edirlər ki, əgər PBH-lərin partlaması qeydə alınarsa, bu, həm Hokinq radiasiyasının mövcudluğuna sübut olacaq, həm də fizikanı köklü şəkildə dəyişərək kainatın tarixi haqqında anlayışlarımızı yenidən formalaşdıracaq.
Aydın
Şərhlər