Xəbər lenti

Elşad Abdullayevin bacısı oğlu aclığa başladı
Ölkə16:57 22.01.2014

Elşad Abdullayevin bacısı oğlu aclığa başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

O, aksiyanı sabiq rektorun gizli videoçəkiliş keçirdiyi ofisdə keçirir 

Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri, ABU-nun sabiq rektoru Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev yanvarın 22-də, saat 17.20 radələrindən etibarən aclıq aksiyasına başlayıb. Bu barədə “Yeni Müsavat”a açıqlamasında A.Mürsəliyev dedi. Hələlik aksiyaya özü başlayan A.Mürsəliyevə daha sonradan yaxın qohumlarının qoşulacağı da istisna deyil. 

Aksiya Qutqaşınlı 9 ünvanında keçirilir. Bu ünvan E.Abdullayevin daha öncə gizli çəkilişlər keçirdiyi ofisə məxsusdur. Bu mənada aksiyanın da orda keçirilməsi simvolik anlam daşıyır – hadisələrin başlandığı məkanda indi də etiraz məqsədilə aclıq aksiyası keçirilir. Amma A.Mürsəliyev dedi ki, sözügedən ofis onun tərəfindən icarəyə götürülüb və M.Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin toplantıları bir neçə dəfə sözügedən ünvanda keçirilib. 

A.Mürsəliyev aksiyanın başlanma səbəbi və start vaxtı ilə bağlı Səhiyyə Nazirliyinə məktub göndərdiyini də vurğuladı. 

A.Mürsəliyev dedi ki, onu bu addımı atmasının 3 əsas səbəbi var. Onun sözlərinə görə, ilkin səbəb Baş Prokurorluğun vəsatət və təqdimatı əsasında məhkəmələr tərəfindən hərəkət azadlığının qanunsuz və əsassız olaraq məhdudlaşdırılmasıdır: “Prokurorluq və məhkəmələrinin bu cür əsassız və qanunsuz hərəkətləri dayım Abdullayev Elşadın qohumlarına qarşı edilən təzyiqlərin tərkib hissəsidir. Digər dayım Abdullayev Mahir 2003-cü ildə naməlum şəraitdə oğurlanıb və bu günə qədər də onun taleyi məlum deyil. Elşad Abdullayev qardaşının hüquqi müdafiə işi ilə məşğul olaraq, bu işdə yüksək vəzifəli şəxslərin əli olduğunu açıq-aşkar bəyan etdi və bundan sonra o, təzyiqlərə məruz qaldı. Mahir Abdullayevin hüquqlarının müdafiəsinə ictimai dəstək vermək, bununla da onun uzun illərdir ki, həllini tapmayan pozulmuş hüquqlarının bərpa olunmasına nail olmaq üçün Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinə rəhbərlik etməyə başladım. Bundan sonra Abdullayevlərin Azərbaycanda yaşayan qohumları, o cümlədən mən bir sıra dövlət orqanları tərəfindən müxtəlif məzmunlu təzyiqlərə məruz qaldıq”. 

Müsahibimiz hələlik aksiyanın nə qədər davam edəcəyi ilə bağlı qərarı olmadığını dedi. Onun sözlərinə görə, hər şey səhhətindəki durumdan asılıdır. /musavat.com/

Qaynar.info