"Böyük Azərbaycan Partiyasının fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında partiyanın sədri Elşad Musayev Böyük Azərbaycan Partiyasının fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. Elşad Musayev partiyanın 15-20 min üzv toplamaq gücündə olduğunu bildirib:
"Ölkənin bütün rayonlarında yenidən təşkilatlanma ilə bağlı çox ciddi işlərimiz gedir. Ölkədə fəaliyyət göstərən, efirlərə çıxan 3-5 siyasi partiyadan biri də bizik. Konkret olaraq, ölkədə gedən ictimai-siyasi proseslərə açıq münasibət bildirən partiyalardan biri də bizik. Ölkədə nə qədər media, QHT-lər var, bunlar illərdir yazır ki, Paşniyanla görüş keçirilir, nəticə olacaq və sülh müqaviləsi imzalanacaq. Biz heç kimdən çəkinmədən bildirdik ki, nə qədər Paşniyan hakimiyyətdədir sülh müqaviləsi imzalanmayacaq. Niyə başqa partiyaların adını deyil, məhz bizim partiyanın adını yazıblar?
Pənah Hüseynin oğlu getdi müharibədə döyüşdü. Pənah bəyin özünə müharibədən sonra ev təklif elədilər, imtina etdi. Oğlu 44 günlük müharibənin iştirakçısıdır. Niyə bundan yazan yoxdur? Biz özümüzü normal partiya hesab edirik. Bu ölkədə 1993-cü ildən belə bir rəy formalaşıb ki, guya AXCP-Müsavat və bundan əlavə bir neçə partiya var, vəssalam. Bu, həqiqətə uyğun deyil”.
Elşad Musayev hesab edir ki, ölkədə olan siyasi təşkilatlara onların inkişafı üçün normal şərait yaradılmalıdır: "Prezident Administrasiyasında siyasi partiyalarla bağlı şöbə yaranandan sonra partiyalarla normal əlaqələr qurulub, kimin gücü var ortaya çıxdı, az-çox özünü göstərdi. Partiyalarla bağlı qoyulan rəqəm bizim üçün çox aşağıdır. 10 mindən çox üzvümüz var və hazırda sıralarımıza yeni üzvlər qəbul olunur".
Qeyd edək ki, mətbuata yayılan məlumata görə, bəzi partiyalar fəaliyyətini dayandıracaq. Onların arasında Sosial Rifah Partiyası, Böyük Azərbaycan Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azad Demokratlar Partiyası və Azadlıq Partiyasının adı çəkilir.
Bahar Rüstəmli