"Elşənin heç vaxt ürəyindən şikayəti olmayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının Baş rejissoru Sərvər Əliyev Gənc Tamaşaçılar Teatrının aktyoru, mərhum Elşən Çarxanlının ölümündən danışarkən deyib. Sərvər Əliyev Elşən Çarxanlının qəflətən keçindiyini deyib:
"Nəvəsinin ad günündə qəflətən masa arxasında vəziyyəti pisləşib. Və o dəqiqədə ürək dayanıb. Təcili Yardım çatanda artıq keçinibmiş. Bir il idi yoldaşı rəhmətə getmişdi. Düzü ondan sonra özünə gələ bilmirdi. Onun ölümü qaldıra bilmirdi. Çox pis ölüm oldu bu. Heç nə deyə bilməyib”.
Sərvər Əliyev Elşən Çarxanlının Sulutəpə qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunduğunu deyib.
Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elşən Çarxanlı dekabrın 20-də qəflətən dünyasını dəyişib.
Elşən Çarxanlı 1962-ci il oktyabrın 2-də Bakıda anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) "Dram və kino aktyoru” fakültəsini bitirib. Elə həmin il Sumqayıt Dövlət Dram Teatrında işə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrında çalışıb.
2009-cu ildən - Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərib. Gənc tamaşaçılar teatrında işlədiyi illər ərzində 50-yə yaxın tamaşada oynayıb. Aktyor tamaşaçılara film və seriallardakı rolları ilə də yaxşı tanışdır.
Bahar Rüstəmli