"Səttar Bəhlulzadə adına sərgi salonunun girişindən yoxa çıxan "Sülh göyərçinlər"i barelyefinin sonrakı taleyini sabiq Mədəniyyət naziri Polad Bülbüloğlundan soruşmaq lazımdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev Millət vəkili Etibar Əliyevin Mədəniyyət Nazirliyinin sərgi salonlarında törətdiyi əməllərdən danışarkən deyib.
Ziyadxan Əliyev qeyd edib ki, sözü gedən sərgi salonu sabiq Mədəniyyət naziri Polad Bülbüloğlunun vaxtında özəlləşib:
"Bəli, biz onu bilirik. Həmin heykəlin ünvanı Polşa deyil, Macarıstandır. 1976-cı ildə Macarıstanın Xalq rəssamı İştvan Kişin Bakıda sərgisi keçirilib. Həmin sərgidən sonra o, "Sülh göyərçinləri” adlı kompozisiyanı Azərbaycan xalqına hədiyyə edib. Həmin əsər sərgi salonunun girişində asılmışdı. Sonralar Mədəniyyət naziri olanda Polad Bülbüloğlu həmin sərgi salonunu özəlləşdirib. Hansı ki, həmin vaxt sərgi salonlarına böyük ehtiyac vardı. Salonun birinci mərtəbəsində avtomobil satışı salonu açılıb, ikinci mərtəbəsi isə icarəyə verilib. "sülh göyərçinləri”nin də taleyini onu özəlləşdirən sabiq nazirdən soruşmaq lazımdır”.
Qeyd edək ki, Milli Məclisin deputatı Etibar Əliyev Mədəniyyət Nazirliyinin törətdiyi əməllərdən danışarkən Səttar Bəhlulzadə adına sərgi salonunda qoyulan "Sülh göyərçinləri" barelyefinin yoxa çıxdığını qeyd edib.
Bahar Rüstəmli