Xəbər lenti

Əməkdar mədəniyyət işçisi vəfat etdi
Sənət 09:41 27.05.2025

Əməkdar mədəniyyət işçisi vəfat etdi

Əməkdar mədəniyyət işçisi, tanınmış fotoqraf, operator Babək Quliyev vəfat edib.

Qaynarinfo xəbər verir ki, 70 yaşında dünyasını dəyişib.

Babək Barat oğlu Quliyev 20 avqust 1955-ci ildə Bakı şəhərində anadan olub. Uzun illər Mədəniyyət Nazirliyi sistemində fotoqraf, videooperator, nazirliyin Elmi-Metodik Mərkəzinin nəzdində video-foto studiyasının rəhbəri vəzifələrində işləyib. "Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib.

90-cı illərdə Müdafiə Nazirliyində fotoreportyor, hərbi operator kimi çalışıb, cəbhə bölgələrində çoxsaylı çəkilişlər edib. Qarabağ müharibəsi veteranıdır.

Azərbaycan Fotoqraflar Birliyinin və Azərbaycan Reklamçılar İttifaqının üzvü olub. Mətbu orqanlarda fotoqraf kimi çalışıb.

2007-ci ildə Babək Quliyevin layihə müəllifi olduğu "Qarabağ: dünən, bu gün (fotoşəkillərdə)” kitab-albomu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə çap olunub. Kitabda Qarabağın işğaldan əvvəlki, 1990-cı illərədək zəngin tarixi-mədəni irsini, memarlıq abidələrini, qaynar mədəni həyatını əks etdirən fotolarla yanaşı, bu mədəni zənginliyin işğaldan sonra erməni vandalizminə məruz qalmış, dağıdılıb talan edilmiş görüntüləri yer alıb.

Prezident İlham Əliyevin 31 iyul 2019-cu ildə imzaladığı "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında” Sərəncam ilə Quliyev Babək Barat oğlu "Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->