Bazar günü Kamerunda 33-cü Afrika Millətlər Kuboku (AFCON) start götürəcək.
Qaynarinfo xəbər verir ki, Mohamed Salah, Pyer-Emerik Aubameyanq, Eduard Mendi, İsmail Sarr, Sadio Mane, Riyad Mahrez, Nabi Keyta, Bertrand Traore və Thomas Partey kimi bir çox Premyer Liqa ulduzlarının çıxış edəcəyi yarışda Əlcəzair, Seneqal, Nigeriya, Kamerun, Mərakeş kimi güclü yığmalar mükafatlar uğrunda üz-üzə gələcəklər.
Afrika futbolu hazırda həmişəkindən daha çox istedadlı futbolçulara və dərinliyə malikdir. Lakin qitənin indiyə qədər yetişdirdiyi ən yaxşı oyunçular arasında simvolik hesab olunan adlar var.
Bütün zamanların ən yaxşı 10 afrikalı futbolçusunun adlarını təqdim edirik.
Yaya Ture
Dörd dəfə Afrikada ilin ən yaxşı futbolçusu seçilən və Fil Dişi Sahilinin 2015-ci ildə AFCON-da titul qazanmasına kömək edən, ondan əvvəl isə iki dəfə gümüş medal qazanmış Ture ən yaxşıların sırasında layiqli yerlərdən birini tutur.
O, "Barselona"da iki dəfə La Liqa və "Mançester Siti"də üç dəfə Premyer Liqa çempionluğunu yaşayıb. "Mançester Siti"də bir ulduz kimi inkişaf edən Ture, klubun uğurlarına hərəkətverici qüvvə oldu. Karyerasına hücumçu kimi başlayan futbolçu, sonradan müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış etməyə başlayıb.
Nvankvo Kanu
1996-cı il Olimpiadasında Nigeriya millisinin heyətində qızıl medal qazanan hücumçu Afrikada iki dəfə ilin futbolçusu adına layiq görülüb. Kanu qeyri-adi, çox uğurlu oyun tərzi ilə seçilirdi.
197 sm boya, nəzərəçarpacaq fiziki gücə malik olan Kanu oyunu, zəkası, çevik ayaq hərəkəti və texniki bacarığı ilə diqqət çəkən futbolçu idi.
Hücumçu Nigeriya millisinin heyətində üç dəfə dünya çempionatında çıxış edib, 1996-cı ildə keçirilən olimpiadada qızıl medal qazanıb. Ancaq Nigeriya millisi AFCON-da az davamiyyət göstərib.
O, "Ayaks”la Çempionlar Liqasını, "İnter”lə UEFA Kubokunu və "Arsenal”la bir neçə dəfə Premyer Liqa titulları və başqa kuboklar qazanıb.
Cey-Cey Okoça
Okoça 1998-ci il də daxil olmaqla, Nigeriyanın heyətində bir neçə dəfə dünya çempionatında oynayıb. Yüksək, göz oxşayan texniki bacarığı onu öz nəslinin ən istedadlı oyunçularından birinə çevirdi.
Okoça 1994-cü ildə AFCON-u qazandı və iki il sonra Olimpiyadada sözügedədən yarışın bombardirlərindən biri idi. "Fənərbağça", PSJ və "Bolton"da aparıcı futbolçulardan biri olmuş Okoça heç vaxt ölkə çempionu ola bilməyib. Ümumiyyətlə bacarıqlı bir oyunçu üçün onun kubok kabineti təəccüblü dərəcədə kasaddır.
Bunlara baxmayaraq, estetikliyi ilə seçilən nigeriyalı fintləri və cəsarətli istedadı ilə futbolsevərləri əyləndirdi. O, Afrika futbolunun simvolu olaraq qalacaq.
Maykl Esyen
Bütün zamanların ən istedadlı afrikalı oyunçularından və əsrin ən yaxşı yarımmüdafiəçilərindən biri olan Esyenin Qana millisi ilə uğur qazanmaması, onun daha yüksək yer tutmasına imkan vermir.
Esyenin Qana millisi ilə birlikdə ən yaxşı nailiyyəti bir dəfə dünya çempionatında oynaması olub. Bundan başqa Esyenli Qana 2010-cu ildə AFCON-da ikinci pilləni tutub.
"Lion"da parlayan, "Çelsi"də inkişaf edən Esyen İngiltərədə iki Premyer Liqa titulu və Çempionlar Liqasını qazanıb.
Yarımmüdafiəçinin sonuncu klubu Azərbaycan Premyer Liqasında "Səbail" olub. 2019/2020 mövsümündə ölkəmizdə çıxış edən dünya səviyyəli ulduz elə həmin ilin sonunda karyerasını bitirib.
Abedi Ayu 'Pele'
"Pele" ləqəbli Ayu 1990-cı illərin əvvəllərində Qana millisinin və Fransa klubu "Marsel" ulduzu idi. 90-cı illərin əvvəllərində ən istedadlı oyunçularından biri hesab edilən və məşhur braziliyalının şərəfinə "Pele" ləqəbi verilən futbolçu "Marsel"ə ard-arda Liqa 1-də titullar qazanıb. O, klubu ilə birlikdə 1993-cü ildə Çempionlar Liqasının qalibi olub.
1982-ci ildə Qana ilə AFCON-u qazanan "Pele", on il sonra eyni yarışda "Qara Ulduzlar"ın finalda Fil Dişi Sahilinə uduzmasına baxmayaraq, turnirin ən yaxşı oyunçusu seçilib.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən bütün zamanların üç ən yaxşı afrikalı futbolçusundan biri adına layiq görülən, o cümlədən üç dəfə Afrikada ilin ən yaxşı oyunçusu seçilən Ayu, təəssüf ki, Qana millisinin heyətində dünya çempionatında heç vaxt bacarıqlarını nümayiş etdirmək şansına sahib olmayıb.
Onun oğulları İbrahim, Andre və Cordan da Qana millisinin üzvü olub.
Essam Əl-Hadari
Dörd dəfə Misirlə AFCON-un qalibi olan Əl-Hadari bu baxımdan rekorda sahibdir. Misir millisinin heyətində 159 dəfə forma geyinən qapıçı Avropada cəmi bir mövsüm oynayıb. O, da İsveçrə təmsilçisi "Sion”da. AFCON-un finallarında üç dəfə qapısını "təmiz" saxlayan qolkiper digər dünyaca məşhur futbolçu Didye Droqba tərəfindən ən çətin rəqib kimi qələmə verilmişdi.
Əl-Hadari 8 dəfə Misirdə ("Əl-Əhli"nin heyətində), bir dəfə isə Sudanda (Əl-Merreyk"in heyətində) ölkə çempionluğu yaşayıb.
DÇ-2018-də Misir millisinin heyətində 45 yaşında meydana çıxan Əl-Hadari sözügedən turnirin ən yaşlı oyunçusu olub.
Didye Droqba
Droqba Fil Dişi Sahili yığması ilə heç vaxt beynəlxalq uğur qazana bilməyib. O, 2015-ci ildə yığmadakı karyerasını bitirib. Ancaq onun klub karyerası yığmadan fərqli, titul baxımından daha zəngin olub.
Geniş təqdimata ehtiyacı olmayan Droqba 2012-ci ildə Çempionlar Liqasını qazanıb. O, "Qalatasaray" və "Çelsi"də ümumilikdə 17 kuboka sahib olub.
İki dəfə Afrikada ilin ən yaxşı oyunçusu mükafatını qazanmış hücumçu ölkəsində vətəndaş müharibəsinə son qoyulmasında da böyük rol oynayıb.
Samuel Eto
Dörd dəfə Afrikada ilin ən yaxşı oyunçusu seçilmiş Eto, Avropa futbolunun da ən yüksək səviyyəli ulduzlarından biridir.
"Barselona" və "İnter"in heyətində Çempionlar Liqasının qalibi olmuş kamerunlu hücumçu həmçinin "Real", "Çelsi", "Everton", "İnter" və bir sıra klubların heyətində 400-dən çox qola imza atıb.
İki dəfə Kamerun millisi ilə AFCON-un qalibi adını qazanan hücumçu turnir tarixində ən çox qol vuran oyunçu ünvanına sahib çıxıb. O, Kamerunun heyətində 3 dəfə dünya çempionatında çıxış edib. Olimpiadada qızıl medal qazanıb.
Rocer Milla
Bütün zamanların ən ikonik afrikalı oyunçusu olan Milla 1990-cı il Dünya Kubokunda sıçrayış edən Kamerunun lideri idi. O, 38 yaşında vurduğu qollarla Kamerun millisinin 1/4 final mərhələsinə yüksəlməsinə yardımçı olub. Məhz bu sayədə Kamerun sözügedən mərhələyə yüksələn ilk Afrika komandası ünvanına sahib çıxıb. Oyunların birində qol vurduqdan sonra künc bayrağı ətrafında etdiyi rəqslə məşhur olan Milla iki dəfə Afrikada ilin ən yaxşı futbolçusu adına layiq görülüb. 42 yaşı olarkən 1994-cü ildə keçirilən dünya çempionatında Rusiyaya qol vurmağı bacaran futbolçu yarışda fərqlənmiş ən yaşlı oyunçu ünvanına sahib çıxıb.
2007-ci ildə Afrika Futbol Konfederasiyası Millanı son 50 ilin ən yaxşı afrikalı oyunçusu elan edib.
Onun klub karyerası daha az məhsuldar alınıb. Karyerası ərzində 400-dən çox qol vursa da futbolçu yüksək səviyyəli yarışlarda o qədər də uğurlu olmayıb. O, belə çempionatlarda maksimum 13 qolla yadda qalıb.
1990-cı illərdə daha geniş auditoriya qarşısına çıxmasına baxmayaraq, Milla karyerasının pikini 1980-ci illərdə yaşayıb. O, 1984 və 1988-ci illərdə Kamerun millisinə AFCON-da titul qazanmağa kömək etmişdi.
Corc Vea
Üç dəfə Afrikada ilin ən yaxşı futbolçusu seçilən Veanın 1990-cı illərdəki şöhrəti onun "Kral Corc" ləqəbini almasına və 20-ci əsrin ən böyük afrikalı oyunçusu kimi tanınmasına səbəb oldu.
1995-ci ildə Avropada və dünyada ilin ən yaxşı oyunçusu şərəfinə layiq görülən Vea indiyə qədər "Qızıl top"u qazanmış ilk və yeganə afrikalıdır.
"Milan"la iki dəfə A Seriyasında titul qazanmış Vea "Monako” və PSJ-də də nailiyyətlər əldə edib. O, Fransada 6 kubok qazanıb. Vea "Çelsi” ilə İngiltərə Kubokunu da əldə edib.
Əhalisi cəmi 5 milyon nəfər olan Liberiya millisi ilə beynəlxalq səviyyədə heç bir uğur qazanmasa da, Veanın Afrika futboluna çox böyük təsiri olub. Sürəti, dribblinq qabiliyyəti və qol duyumu ilə seçilən hücumçu 1990-cı illərin ən böyük oyunçularından biri idi.
"Kral Corc” hazırda Liberiyanın prezidentidir.
Səbuhi Həsənov
Mənbə: "The Mirror"