
Türkiyə baş naziri siyasi karyerasını bitirmə şərtini izah edib
İnternetə yüklənmiş səs yazısından sonra reytinqi sürətlə düşməyə başlamış Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan yalnız bir şərt daxilində istefa verəcəyini söyləyib.
ANS PRESS Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə baş naziri bu şərtin martın 30-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçkini uduzarsa, o, siyasətdən gedəcək.
“Əgər biz qələbə çalmasaq, mən siyasi karyeramı başa çatdırmağa hazıram”,- deyə baş nazir vurğulayıb.
Qeyd edək ki, baş nazirlə oğlu Bilal Ərdoğan arasında telefon danışığı olduğu iddia edilən səs yazısında iş adamı Sıtkı Ayandan rüşvət alınması müzakirə edilir. Baş nazir isə bu səs yazısının montaj olduğunu bildirib.