Xəbər lenti

Ərdoğanın növbəti aşırımları...
Hüseynbala Səlimov
Siyasət12:52 29.11.2016

Ərdoğanın növbəti aşırımları...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
“LOZANNA SAZİŞİ” NİYƏ ƏRDOĞANIN YADINA DÜŞDÜ?..
Əgər məndən soruşsaydılar ki, son vaxtlarda ən çox diqqət çəkən siyasətçilər kim olub, düşünmədən Trampın və bir də Ərdoğanın adını çəkərdim. Amma tələsməyək, səbrlə R.T.Ərdoğanın bu son vaxtlardakı siyasi gedişlərini təhlil etməyə çalışaq...    
Bəlkə də əvvəl ondan başlamaq daha düzgün olardı ki, Türkiyə prezidenti R.T.Ərdoğanın ikicə həftə öncə baş tutmuş Şərq turnesi, əvvəlcə İslamabada, daha sonra da Daşkəndə səfər etməsi xeyli diqqət çəkdi və çəkməyə də bilməzdi, çünki Ərdoğan bir siyasətçi kimi özü üçün ən azı bir məsələni çoxdan həll edib – o, V.Putindən sonra adı ən çox hallanan bölgə siyasətçilərindən biridir... 
Səfərlərlə bağlı mediada ən müxtəlif ehtimallar səsləndi, hətta Pakistana səfəri Türkiyənin bu ölkədən nüvə silahı almaq istəməsi kimi yozanlar da oldu ki, təbii, biz bunları ciddi qəbul edə bilmərik, çünki nüvə məsələləri biz jurnalistlərin və siyasi təhlilçilərin düşündüyü kimi də asan bir iş deyildir...
Daşkənd səfərinə gəldikdə isə, indi faktiki olaraq Özbəksitanın prezidenti olan (hələ seçilməsə də!) Ş.Mirziyoyevə və R.T.Ərdoğana qədər iki ölkənin münasibətlərində gərginlik yaranmış, hətta diplomatik pauza baş vermişdi.
Səbəb də daha çox bu idi ki, bir vaxtlar Türkiyə özbək müxalifətinə bir az isti münasibət göstərirdi. Sonuncu isə təbii, özbək diktatoru İ.Kərimovun xoşuna gəlmir və onu qeyzləndirirdi...
Amma bu son günlərdə daha çox maraq kəsb edən yalnız Ərdoğanın səfərləri deyil, həm də onun Mosulla bağlı ciddi bəyanatları idi. Türkiyə prezidenti bir neçə dəfə Mosulun tarixi türk ərazisi olduğunu dedi, hətta məşhur “Lozanna sazişi”ni yada saldı. 
Rusiya mediası onun bu xüsusdakı hər bəyanatına az qala bir yazı həsr etdi – görünür, indiki normal münasibətlər belə çoxəsrlik rəqabəti arxa plana keçirə bilmir...  
Elə kənarlardakı, hətta Türkiyəinin dışındakı türk millətçiləri də R.T.Ərdoğanın bu bəyanatlarına biganə qalmır və “Dayanın, Ərdoğan Osmanlı torpaqlarını qaytaracaq!” deyirdilər...
Ərdoğanın ritorikasında “Osmanlı elementləri” elə bir yenilik deyil və bu əvvəllər də çox olmuşdu. Hətta onun ərəblərə qarşı isti münasibətini də bununla yozanlar var...
Amma bizə elə gəlir ki, bu dəfə məsələ bir az başqadır. Ərdoğanın partiyası bu yaxınlarda bəyan etdi ki, onların yeni konstitusiya layihəsi artıq hazırdır. Fəqət, məsələni referenduma çıxarmaq üçün hakim partiyanın Böyük Millət Məclisindəki səsləri yetərli deyil. Ona görə də heç istisna deyil ki, AKP daha bir parlament seçkisinə getməli olacaq. Elə bu səbəbdən də Ərdoğan nəzərlərini millətçi elektorata da yönəldir...
O ki qaldı Mosul məsələsinə, D.Trampın hakimiyyətə gəlişindən sonra vəziyyətin necə dəyişəcəyini deyə bilmərik, amma bu vaxta qədər ABŞ hakimiyyətlərinin könlündən İraqı və ya Suriyanı ən azı federallaşdırmaq istəkləri çox keçib. 
Bunun əleyhinə olanlar isə Türkiyə iqtidarları, o cümlədən də elə R.T.Ərdoğanın özü olub. Səbəb də bu olub ki, Türkiyə iqtidarları bölgədə kürd dövlətinin yarana bilməsindən ehtiyat ediblər...
Əgər bu gün Ərdoğan bununla bağlı siyasətini korrektə etmək və Mosulu Türkiyəyə necə qaytarmaq haqda düşünürsə, bunu yalnız təqdir etmək olar. Hərçənd, düşünürük ki, bu, daha mümkün olmayacaq, ona görə ki, bölgədəki hərbi teatrın tam yiyəsi artıq ABŞ deyildir, Rusiya da çoxdan buralara burnunu soxub...
AVROPA PARLAMENTİNİN “QƏHRƏMANLIĞ”I...
Amma Türkiyə ilə, Ərdoğanla bağlı son olaylar bunlarla da məhdudlaşmlır. Əgər Türkiyə ilə Avropa Birliyi arasında yaşanan son olayı nəzərdən keçirməsək mənzərə bir az yarımçıq alınar...    
Qərəz, əvvəl onu deyək ki,  kimisə biz müsəlmanlardan “qorumaq” lazım gələndə Qərb strukturları qeyri-adi dərəcədə operativ olurlar.
Amma elə ki, məsələ biz müsəlmanları qorumağa və yaxud müdafiə etməyə gəlir, daşdan səs çıxır, fəqət, həmin Qərb strukturlarından səs - səmir belə gəlmir, elə susurlar ki, sanki qurbağa gölünə daş atmısan...
Qısası, Avropa Parlamenti Türkiyə ilə Avropa Birliyi arasındakı danışıqları dayandırmağa qərar verdi. Düzdür, qurumun qərarı bir növ tövsiyyə xarakteri daşıyır, amma yəqinlik yoxdur ki, sabah Avropa Birliyinin digər müvafiq strukturları da belə qərarlar verməyəcəklər. Hərçənd, Ərdoğanın Türkiyənin qaçqın selinin qabağını saxlamayacağı haqda bəyanatından sonra Avropa Birliyi bir az əl – ayağa düşdü. Amma  narahatlıq hələ də qalmaqdadır... 
Əslində qərar Türkiyə üçün yenilik deyildi. Bir gün əvvəl prezident R.T.Ərdoğanın qərarın qəbul ediləcəyi təqdirdə onun Türkiyə üçün heç bir əhəmiyyət daşımayacağını deməsi bir tərəfə, təxminən bir-iki həftə  öncə türkiyəli siyasətçi və diplomatlar Avropa Birliyilə münasibətləri  ümummilli referenduma çıxarmaq istədiklərini və bu məsələyə millətin özəl münasibətini öyrənməyə çalışcaqlarını demişdilər...
Dəfələrlə yazmışıq ki, inkişaf təkcə Avropa hüdudlarında deyil. Çin, Yaponiya və yaxud da Cənubi Koreya bu quruma daxil deyllər, amma kifayət qədər inkişaf etmiş ölkələrdirlər...
Xüsusən də Böyük Britaniya Birlikdən çıxandan sonra Birliyin cazibəsi bir az da azalıb. Amma bir məsələ var...
Bir vaxtlar politoloq H.Morgentaunun “milli güc konsepsiyası”nı oxumuşdum. Məsələ bundadır ki, milli güc təkcə hərb, hətta Rusiyanın düşündüyü kimi nüvə silahı da deyildir, güc həm də iqtisadiyyat, elm və texnologiya, hətta dəyərlər və mədəniyyət deməkdir... 
Bu mənada Avropa böyük gücdür və biz müəyyən mənadan bununla hesablaşmağa məcburuq. İndi deyirlər ki, guya, Türkiyə də Şanxay adlı geosiyasi fiksiyaya qoşulmaq niyyətindədir. Doğrusu, mən belə söhbətlərə elə də inamıram. Bilirsiniz, Şanxay Birliyilə Avropa Birliyinin fərqi nədədir? Biri fiksiyadır və xəyaldır, o bisi isə gerçəklikdir!.. Avropa bu illər ərzində ciddi geosiyasi və geoiqtisadi formata, hətta deyərdik ki, bir təhlükəsizlik və əməkdaşlıq arxitekturasına çevrilib...
Ruslara elə gəlir ki, hansısa formatı elan etmək kifayətdir və o, dərhal ciddi bir alternativə çevriləcək. Amma belədirmi? Əlbəttə ki, yox! Budur, bir neçə ildir, Avrasiya İttifaqı elan edilib. Nəsə bir iş görülübmü? Bunun Avropa Birliyinə hansısa formada alternativ olacağına ümid varmı?.. 
Əlbəttə ki, yox. Eyni sözləri Şanxay Əməkdaşlıq Təşkilatı haqqında demək olar. Bütün bu formatlar sadəcə, Rusiyanın isterik geosiyasi və geoiqtisadi ambisiyalarının, hətta “tutma”larının nəticəsidir...
RUSİYA İLƏ BİR OLMAĞIN TƏHLÜKƏSİ...
Mən burada “isteriya” sözünü nahaq yerə işlətmədim. Məsələn, Rusiyanın mediasının Avropa dəyərlərinə ziyan vurduğunu deyənlər də həqiqətən haqlıdırlar. Rusiya saytlarını və televiziyalarını izləyirəm. Vallah, heç başa düşmək olmur ki, bütün bunlar kütləvi psixoz seansıdır, yoxsa hansısa telkeviziya verilişi?.. 
O gün baxıram, rusiyalı aparıcı deyir ki, Maydanda ukraynalılar bir vaxt “Yaşasın Ukrayna!” şüarlarını qışqırırdılar!..
Gülməlidir, deyilmi? Bəs ukraynalılar nə qışqırmalı idilər? Bəlkə “Yaşasın Moskva!” deməli idilər?!.
Rus jurnalsitlərinin ikicə mövzusu vardır: ABŞ və Ukrayna!.. Doğrudanmı, bu boyda planetdə bu iki ölkədən savayı heç nə yoxdur? 
Jurnalistlərə baxanda düşünürsən ki, əcəba, bunlar kimdir? Kütləvi “psixoloji seans”larla məşgul olan şarlatanlarmı? Və yaxud da ki, xüsusi xidmət orqanlarının əməkdaşlarımı?..
İnanın, mən Qərbi heç da ideallaşdırmaq fikrində deyiləm. Amma bir daha deyiirəm ki, Avropa Birliyi və ya NATO ciddi strukdurdur, heç də geosiyasi fiksiya deyil...
ƏRDOĞANIN QÜSURLU XARİCİ SİYASƏT KURSU...
Müəyyən məsələlərdə özümüzə bir az tənqidi yanaşmağı da bacarmalıyıq. Yox, mən hətta “Bu gün Türkiyədə baş verənlər olmasaydı onu Avropa Birliyinə qəbul edəcəkdilər!” deyəcək qədər də sadəlövh deyiləm. Türkiyəni Avropa Birliyinə qəbul etmək fikri yoxdur avropalıların – bunu deməklə heç də velosiped kəşf etmirik... 
Amma məşhur iyul hadisələrindən sonra, lap elə ondan əvvəl də Türkiyədə ciddi avtoritarlaşma tendensiyaları duyulurdu. Ən müxtəlif mənbələr iyul hadisələrindən sonra on minlərlə insanın bu və ya digər dərəcədə təzyiqlərə məruz qaldığını iddia edirlər. Rusiya mənbələri isə bunun hətta yüz min nəfərdən artıq olduğunu yazırlar... 
Doğrusu, prosesin bu qədər böyük miqyas təşkil etdiyini düşünmürəm. Amma özümüz də müəyyən qədər Türkiyə saytlarını və ya televiziyalarını izləyirik. Ən çox eşitdiyimiz də “Tutuklandılar!” sözüdür...
Bəlkə də mənimlə razılaşmayacaqlar. Amma bu illər ərzində Türkiyə - Avropa Birliyi prosesi heç də faydasız olmadı. Bu prosesin gedişində bir sıra ciddi siyasi və iqtisadi islahatlar aparıldı. Bir daha deyirik ki, hər halda, proses tamam faydasız olmadı. Ona görə də Avropa Birliyinin öz ağuşunu Türkiyəyə açıb-açmayacağından asılı olmayaraq Avropadan öyrənməyə dəyər...
Bu, o demək deyil ki, Türkiyə kor-koranə şəkildə ABŞ-ın və yaxud da ki, Avropanın sxemlərilə özünü məhdudlaşdırmalıdır. Qətiyyən, bunu iddia etmək fikrimiz yoxdur – Rusiya ilə də münasibət qurulmalıdır, eləcə də Çinlə və yaxud da başqa ölkə ilə...
Amma röyalara inanmaq da lazım deyil. Rusiya hətta istəsə də, öz ambisiyalarına real məzmun verə bilməz, çünki onun belə imkanları yoxdur...
Üstəlik, bu ölkənin çabalarının bir məqsədi var: öz təsirini daha çox və daha böyük məkana yaymaq... Bunun üçün də MDB ölkələrinə bir alət kimi baxır, digər dövlətlərə də bir oyuncaq kimi yanaşır... Bəlkə də MDB ölkələri müəyyən mənada bununla barışmağa və yaxud da hesablaşmağa məhkumdurlar. Amma Türkiyəyə nə gəlib ki? O ki, heç də oyuncaq ölkə deyil...
Güman edirəm, rusların D.Trampla bağlı ümidləri də puç olacaq. Ən azı ona görə ki, D.Trampın daim təkrarladığı bir cümlə var: “Amerikanı daha da güclü edək!”...
Bu yaxınlarda elə V.Putin özü də bu ümidləri azca korrektə etməyə çalışdı və dedi ki, seçki vaxtı deyilənlərin heç də hamısı sonradan gerçək olmur...
Sonda bir detala diqqət çəkmək istəyirəm. Əvvəlki iqtidarların heç birinin dövründə Türkiyə müttəfiqləri və qonşuları ilə bu qədər problem yaşamamışdı. Ərdoğanın xarici siyasət kursu Türkiyə üçün yalnız problem yaradır – böyük təəssüf hissilə olsa da, bunu qeyd etmək və bu vəziyyətdən narahatlığımızı ifadə etmək zorundayıq...
Qaynarinfo.Az