Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 18-19-da İrana planlaşdırılan səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir. Görüşdə regional və qlobal məsələlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, NATO üzvü olmasına baxmayaraq, digər tərəfdaşlarından fərqli olaraq Türkiyənin Rusiya ilə münasibətləri xeyli yaxşıdır. Ərdoğan son dövrlər tez-tez Putinlə görüşür. Hər iki ölkə bir çox sahələrdə əməkdaşlıq edir. Bu əməkdaşlıq ikitərəfli münasibətlərdə, Cənubi Qafqaz, Suriya və Ukrayna kimi məsələlərdədaha qabarıq nəzərə çarpır. Düzdür, Ankara-Moskva arasında bəzi məsələlərdə fikir ayrılığı qalmaqdadır. Xüsusən də Suriya məsələsinə tərəflərin baxışı xeyli fərqlidir.
Qaynarinfo-ya açıqlamasında Ərdoğanla Putinin Tehran görüşünü şərh edən politoloq Üzeyir Şəfiyev düşünür ki, danışıqlar zamanı ilk növbədə Ukrayna böhranının tənzimlənməsi yolunda bəzi təşəbbüslərin şahidi ola bilərik:
"Bu görüşdə daha çox regionda baş verən proseslər müzakirə olunacaq. Regionun iqtisadi, loqistik, təhlükəsizlik məsələləri, mövcud konflikt ocaqlarının həlli tənzimlənməsi, ərzaq böhranı kimi məsələlərin çözüləcəyi gözlənilir. Ancaq bununla belə görüşdə heç də bütün suallara cavab tapmaq mümkün olmayacaq. Çünki tərəflərin bir-birinə zidd maraqları da var.
Amma hər halda görüş regionda mövcud olan və həllini gözləyən bəzi məsələlərə aydınlıq gətirmək baxımından mühüm məna kəsb edəcək. Türkiyə ilə Rusiyanın istər Suriya, istərsə də Cənubi Qafqazda olan məsələlər, habelə Ukrayna taxılının ixracı məsələsini müzakirə etmələrinə ehtiyac var. Ankara bu kimi məsələlərin tənzimlənməsində humanitar mərkəz rolunda çıxış edir. Bu baxımdan, sırf humanitar müstəvidə Türkiyə və Rusiya lderlərinin görüşündən çox şey gözləyirik. Suriyada da onlar arasında bəzi müzakirə olunası məqamlar var. Cənubi Qafqazda da hər iki ölkənin gözlədiyi bəzi məqamlar var ki, onlara da aydınlıq gəlməlidir.
Görüşdə əsasən də Ukrayna böhranının tənzimlənməsilə bağlı bəzi təşəbbüslərlə də tanış ola bilərik. Prosesin tənzimlənməsində Türkiyə əsas təşəbbüskardır. Bu istiqamətdə Türkiyənin kifayət qədər uğur hekayəsi də var. Hər halda Putinlə Ərdoğanın bu görüşündən müəyyən irəliləyiş gözləməyinə dəyər”.
Rüfət Sultan
Şərhlər