"Telefon danışığında Türkiyə ilə Rusiya arasında son zamanlar yaşanan problemlərin nə dərəcədə strateji və ya taktiki xarakterli olduğuna aydınlıq gətiriləcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin arasında sabah olacaq telefon danışığını şərh edərkən deyib:
Politoloq bildirib ki, Ərdoğanla Putin arasında telefon danışığında ilk növbədə Türkiyə ilə Rusiya arasında ziddiyyətlərin səbəbləri məsələsinə aydınlıq gətiriləcək:
"Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri, Azov hərbçilərinin Ukraynaya geri göndərilməsi, ardınca Ərdoğanın NATO-nun Vilnüs sammitində iştirakı və buradakı çıxışı, Rusiyanın "taxıl sazişi”nin müddətini uzatmaqdan birtərəfli qaydada imtinası fonunda Ankara ilə Moskva arasında münasibətlərdə gərginlik, sərinlik hiss olunur. Ərdoğanla Putin arasında telefon danışığında ilk növbədə Türkiyə ilə Rusiya arasında ziddiyyətlərin səbəbləri məsələsinə aydınlıq gətiriləcək. Düşünürəm ki, Yaxın Şərq, Cənubi Qafqaz və digər regionlarda baş verən proseslər də müzakirə predmeti olacaq. Son zamanlar bir sıra Afrika ölkələrində, Mali, Nigerdə baş verən hadisələrdə bəzi Qərb ölkələri Türkiyə və Rusiyanı ittiham edir. Məsələn, Makron bu iki ölkəni Afrikada Fransaya qarşı iş aparmaqda ittiham edir. Danışıqların gedişində iki ölkə arasındakı münasibətlərdə kifayət qədər fərqlilik olacaqsa, gündəlik daha zəngin ola bilər”.
Qeyd edək ki, avqustun 2-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Rüfət Sultan