"Ərdoğanın bu səfərilə Türkiyə ilə Suriya arasındakı münasibətlər zirvəyə daşınacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya gözlənilən səfərini şərh edərkən deyib.
"Türkiyənin Suriyaya dəstəyi artıq ortadadır. MİT başqanı Suriyaya səfər edərək, Əməvi məscidində namaz qılaraq, dua edib. Bu da verilən ən böyük mesaj idi. İkinci səfər isə XİN rəhbəri Hakan Fidan səviyyəsində baş tutub. O açıq şəkildə Türkiyənin Suriyaya birmənalı dəstəyini ortaya qoydu. Düşünürəm ki, bu səfərlərin gedişində bütün prioritet sahələr üzrə razılıq əldə olunub", deyə Natiq Miri bildirib.
Ekspert qeyd edib ki, Ərdoğanın bu səfəri mühüm siyasi hadisə kimi yaddaşlarda qalacaq:
"Bu mənada prezident Ərdoğanın Suriyaya səfəri ciddi hadisə olacaq. Əsəd devriləndən sonra bu Suriyaya ilk dövlət başçısının səfəridir. Həmin səfər ciddi siyasi hadisə olacaq. Səfər Suriya adına ciddi dəstək olmaqla yanaşı dünyaya mesajdır ki, artıq bu ölkəyə gediş-gəliş qapısı Ərdoğanın ora səfərilə açılır".
Həmsöhbətimiz düşünür ki, bu səfər həm də Suriyaya ediləcək bütün yardımların önünü açacaq:
"Ərdoğan Dəməşqdə bu yöndə ciddi açıqlamalar verəcək. Həmçinin, səfər çərçivəsində Suriyanın ayağa qalxması üçün mütəxəssislərin prosesə cəlb olunması ilə bütün sahələr üzrə yardımların edilməsi, iqtisadi sahədə əməkdaşlıq, yeni konstitusiyanın qəbulu, demokratik seçkilərin keçirilməsi, ölkənin bütöv dövlət olaraq qalması kimi məsələlər ətrafında müzakirə aparılacaq və qərarlar qəbul ediləcək".
Natiq Mirinin fikrincə, Ərdoğanın səfərilə prioritet istiqamətlər müəyyən olunandan sonra artıq Qərb dünyasında ortalığı qarışdırmaq və buradan pay qoparmaq istəyənlərin əlindən bütün bəhanələr də alınacaq:
"Nəticədə, ABŞ, Avropa İttifaqı, Çin, Rusiya və İran olmaqla bir çox siyasi güclər də Suriya ilə gələcək münasibətləri normal məcraya daşımaq üçün yardım prosesində iştirak edəcəklər. Ərdoğanın səfəri də bu mənada həmin prosesə təkan verəcək. Bu səfərlə Suriyada legitimlik məsələsi və yaxud hansısa qorxulu rejimin mövcudluğu kimi anlayışlar aradan qalxacaq".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir. Bu barədə Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Koroğlu deyib.
O bildirib ki, Ərdoğan xarici işlər naziri Hakan Fidandan sonra Suriyaya səfər etmək barədə düşünür. Lakin diplomat Ərdoğanın mümkün səfərinin tarixini açıqlamayıb.
Bundan əvvəl Türkiyənin XİN rəhbəri Hakan Fidan Dəməşqdə olub. Ondan əvvəl isə Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Suriyaya gedib.
Rüfət Sultan
Şərhlər