"50 milyard dollarlıq investisiya Türkiyədə dolların bahalaşması və inflyasiya səviyyəsinin artmasının qarşısını almaqda önəmli amilə çevrilə bilməyəcək. Amma bu addım Ankaranın BƏƏ-in beynəlxalq problemlərinin həllində onu dəstəkləyəcəyi anlamına gələ bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Türkiyə ilə BƏƏ arasında 50 milyard dollar həcmində 13 sahə üzrə imzalanan müqaviləni şərh edərkən deyib.
Ekspert bildirib ki, həmin 50 milyard dollar Türkiyəyə heç də nəğd pul şəklində qoyulacaq investisiya deyil:
"Bu layihələr ən azı 10 ili hədəfə alan müxtəlif sahələri əhatə edəcək investisiya layihələrdir. Yəni həmin 50 milyardlıq investisiyalar ən azı 10 il ərzində istifadə olunacaq. Bu da ilə 5 milyard dollar deməkdir. Bu isə elə də böyük vəsait deyil ki, Türkiyənin ərəb ölkəsindən asılılığını yarada bilsin. Türkiyənin ümumidaxili məhsulu az qala 1 trilyon dollara çatır. Bu mənada 50 milyard dollarlıq ərəb investisiyası Türkiyədə inflyasiyanın qarşısnı almaqda və ya bu istiqamətdə hansısa ciddi fəsadlar törətməkdə hər hansı bir rol oynaya bilməz. Düzdür, bu investisiya siyasi qərarların verilməsində müəyyən asılılıq yaradacaq. Türkiyədə bu fonda həmin ölkənin maraqlarını müdafiə etmək öhdəliyi yaranır. Bu addım Türkiyənin BƏƏ-in beynəlxalq problemlərinin həllində onu dəstəkləyəcəyi anlamına gələ bilər. Amma ümumilikdə götürəndə bu investisiya Türkiyənin iqtisadi problemlərinin həllinə müəyyən yardım göstərəcək. Lakin bu addım dolların bahalaşması və inflyasiya səviyyəsinin artmasının qarşısını almaqda hansısa bir faktora çevrilə bilməyəcək. Çünki lirənin dəyərdən düşməsinin başqa səbəbləri var. O səbəblər aradan qalxmayınca, bir tək 50 milyard dollarlıq investisiya ilə problem həll olunmayacaq”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 17-19 arasında Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-ə səfər edib. BƏƏ-ə səfəri çərçivəsində iki ölkə arasında 50,7 milyard dollar civarında 13 sahəni əhatə edən müqavilə imzalanıb. Tərəflər "Ali səviyyəli strateji şura”nın yaradılması barədə razılığa gəliblər. İki ölkə arasında baş tutan bu əməkdaşlıq energetika, nəqliyyat, infrastruktur, loqistika, maliyyə, səhiyyə, turizm, tikinti, müdafiə sənayesi, qabaqcıl texnologiya, daşınmaz əmlak sahələrini əhatə edəcək.
Rüfət Sultan