Xəbər lenti

Erməni separatizminə dəstək Fransaya baha başa gəldi: Korsikalılar ayağa qalxdı
Siyasət13:20 17.03.2022

Erməni separatizminə dəstək Fransaya baha başa gəldi: Korsikalılar ayağa qalxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hər fürsətdə Azərbaycan qarşısında Ermənistanı dəstəkləyən, erməni separatizmini "xalqın öz müqəddaratını təyin etməsi” kimi qəbul edən Fransa bu günlərdə Korsikanın timsalında özü də separatizm girdabına yuvarlanıb”. 
Qaynarinfo xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib. 
"Artıq bir neçə gündür ki, Fransaya bağlı Korsika adasında şiddətli iğtişaşlar yaşanır. Adanın ən önəmli liman şəhəri Bastiada etirazçılar dövlət binalarına, polis bölmələrinə Molotov kokteylləri, daş və müxtəlif partlayıcılarla hücum edir. Bölgədə 40-dan çox insanın yaralandığı, onlardan 25-nin polis əməkdaşı olduğu bildirilir. Bastia qubernatoru şəhər əhalisinin təhlükəsizliyi üçün evlərində qalmağa dəvət etsə də, nümayişlərdə 7 mindən çox fəalın iştirak etdiyi bildirilir. Korsikalıları ayağa qaldıran səbəb yaxın 10 ildə Avropada geniş vüsət alan separatizm hərəkatından Fransa da yan keçməyib. Ölkə daxilində Korsika, Burqundiya, Bretoniya və azsaylı baskların müstəqillik hərəkatı mövcuddur. Korsikada baş verən hadisələr də bunu təsdiqləyir. Bu gün adada baş verən iğtişaşlar ilk belə hal deyil. Ehtimal ki, son da olmayacaq. Ada əhalisində ciddi mənada bir müstəqillik düşüncəsi hakimdir. Hətta bu istiqamətdə adada 5 may 1976-cı ildə yaradılan "Front de Libération Nationale Corse" (Korsika Milli Qutuluş Cəbhəsi) adlı silahlı qruplaşma da fəaliyyət göstərir. FLNC 2015-ci ildə silahlı mübarizəni dayandırsa da, mövcud iğtişaşlarda izi hiss olunur”.
Mövcud iğtişaşların əsas səbəbinə gəldikdə isə, ekspert qeyd edir ki, korsikalılar adanın müstəqilliyini tələb edən və keçmiş qubernator Klod Erinnakı öldürməkdə təqsirli bilinən İvan Kolonnanın martın 2-də başqa bir məhkumun hücumuna məruz qalması və Fransanın Arles şəhərindəki həbsxanada komaya düşməsi korsikalıları qəzəbləndirib:
"Hadisədən sonra həmkarlar ittifaqlarının çağırışı ilə Korsikada Kolonnaya dəstək nümayişləri başlayıb. Paris güzəştə gedəcəyini desə də, korsikalılar Makrona inanmır! Əvvəla onu deyim ki, İvan Kolonnanın həbsxanada məhbuslardan biri tərəfindən ölümcül şəkildə döyülməsi şübhəli hadisədir. Çünki Kolonna Parisin ada üzərindəki hakimiyyətinə ciddi təhdid hesab edilir”.
T. Rzayev düşünür ki, İvan Kolonnanın ölümcül şəkildə döyülməsi rəsmi Parisin sifarişi ola bilər: 
"Hadisə Parisin təlimatı ilə baş versə də, görünür, hadisələrin bu həddə çatacağı proqnazlaşdırılmırdı. Vəziyyətin ciddiləşməsi artıq rəsmi Parisi geri addım atmağa da vadar edib. Belə ki, Fransa daxili işlər naziri Jerard Darman iğtişaşların səngiməsi halında adaya muxtariyyətin veriləcəyini vəd edib”. 
Amma politoloq Parisin bu vədin üstündə duracağına inanmır: 
"Prinsip etibarilə rəsmi Paris bununla etirazçılar qarşısında geri addım atsa da, vədin gerçəkləşməsi sual altındadır. Məsələ ondadır ki, Fransa Prezidenti Emmanuel Makron da 2017-ci ildə prezident seçkiləri zamanı ada əhalisinə muxtariyyət sözü verib, ancaq bu günə qədər icra edilməyib. Nəticə etibarilə bu gün Korsika adasında baş verən iğtişaşlar bir daha onu göstərir ki, separatizmin iki üzü də kəskin bıçaq kimidir. Ondan bu və ya başqa formada istifadə edən istənilən ölkə gec-tez özü də separatizm bəlasına düçar olur. Türkiyədə "Kürdüstan”ı, Azərbaycanda "Arsax”ı dəstəkləyən Fransa bu gün Korsikada həmin problemlə üzləşir. Korsikalıların öz müqəddəratını necə həll edəcəyinə gəldikdə isə, bunu zaman göstərəcək”. 
Rüfət Sultan