Xəbər lenti

Ermənilərdən “İskəndər” HƏDƏSİ: Vura bilərlərmi?
Ölkə18:20 07.03.2017

Ermənilərdən “İskəndər” HƏDƏSİ: Vura bilərlərmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Arzu Nağıyev: “Bütün bu bəyanatlar seçkiyə hesablanmış gedişdir”

Ermənistanın müdafiə naziri Viqen Sarkisyan Azərbaycanı “İskəndər” raketləri ilə hədələyib: “Əgər kimsə mənim “İskəndər” sistemləri ilə bağlı dediklərini təhlükə kimi qəbul edirsə, yanılmayıb. Arsenalımızda olan bu silahı idarə etmək və ondan tam istifadə etmək hüququmuzu həmişə saxlayırıq.Əgər mənim bəyanatım kimisə qorxuya salıbsa, deməli, o vaxtında və düzgün şəkildə səslənib”. O, yerli telekanallardan birinə müsahibəsində deyib. 

Qeyd edək ki, dünən erməni politoloq Levon Şirinyan da Azərbaycana qarşı geniş miqyaslı hücum başlatmaqdan danışıb. O, bildirib ki, Ermənistan ordusu iki istiqamət üzrə Azərbaycana zərbə vurmalıdır: 

"Zərbələr Yevlax və Sabirabada endiriləcək.Yevlax kommunikasiyaları kəsmək, Sabirabad isə talışları ayağa qaldırmaq üçündür.Əgər Ermənistanda emiqrasiya bu templə davam etsə, bizim üçün heç bir perspektiv görünmür. 20 il sonra əlimizdə olan texnikanı kim işlədəcək? İndi Ermənistan hakimiyyəti dilemma qarşısında qalıb - Ya nələrisə dəyişməli, ya da hər şeyi lazımı şəkildə yerinə yetirməyə hazır insanlara yol verməlidir.Bundan sonra genosidə yol verə bilmərik.Ermənistan genişlənməlidir.İlk öncə bu beyinlərdə, daha sonra isə konkret məkanlarda və ərazilərdə baş verməlidir".

Bir neçə gün öncə isə Serj Sarkisyan Azərbaycanla genişmiqyaslı döyüşlərin başlayacağı təqdirdə, Ermənistanın bütün hərbi arsenalını cəbhə xəttinə yönəldəcəyini demişdi. Ermənistan tərəfinin kəskin bəyanatlarının artmasını şərh edən politoloq Arzu Nağıyevın sözlərinə görə, sözügedən hay-küylü açıqlamalar daha çox aprel ayında keçiriləcək parlament seçkilərinə hesablanıb: “Bunlar hamısı seçkiqabağı oyunlardır. Hamıya məlumdur ki, Dağlıq Qarabağ “kartı” seçkilərdə siyasi kart kimi istifadə olunur.Ermənistanda yalnız “İskəndər” raketləri ilə bağlı deyil, həm də SSRİ vaxtından qalma “SKAD” raketləri barədə də erməni ekspertlər açıqlamalar verir.Fikrimcə, “İskəndər” raketlərinin Dağlıq Qarabağda necə peyda olmasına aydınlıq gətirilməlidir. Əgər Dağlıq Qarabağ bütün dünya dövlətləri tərəfindən Azərbaycanın tərkibinə daxil olan ərazi kimi qəbul olunursa, o halda necə ola bilər ki, “İskəndər” raketləri Dağlıq Qarabağa gətirilsin? Həmin raketlər Ermənistana satılıbsa, deməli, 102 saylı hərbi bazanın ərazisində ola bilər. “İskəndər” sistemlərinin Dağlıq Qarabağa gətirilməsi birbaşa beynəlxalq konvensiyalara ziddir. Eyni zamanda, Ermənistan “İskəndər” raketlərindən nə qədər istifadə etsə də onun qarşısını ala biləcək hava hücumundan müdafiə sistemlərimiz var. Sadəcə olaraq, hazırda Ermənistanda hakimiyyətdə olan Respublika Partiyasının seçki qərargahının rəhbəri müdafiə naziri Viqen Sarkisyandır. O da Dağlıq Qarabağ kartından istifadə edir. Çünki onlar separatçılara müstəqillik söz veriblər.Bu vədin üstündə də Qarabağ klanı gəlib Ermənistanda hakimiyyəti zəbt edib.Mən düşünmürəm ki, onlar hər hansı bir raketdən istifadə edə bilər, yaxud Sabirabadı və ya başqa rayonu vurmaq üçün belə bir addım ata bilər.Ermənistanın bu hərəkəti regionda olan bütün aktorların hamısını ayağa qaldırmaq deməkdir.

Necə ola bilər ki, bölgədə Rusiya, İran, Gürcüstan olduğu bir halda, NATO-nun marağı ola-ola ermənilər Dağlıq Qarabağda uzaqmənzilli raketdən istifadə edə? Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin görüşü ərəfəsində belə bir bəyanatı səsləndirmək bir siyasi gedişdir.Əgər biz sülh danışıqları aparırıqsa, belə açıqlamalar nəyə lazımdır?Belə fikirlər aprel ayının 2-ə qədər səslənməkdə davam edəcək və siyasi məqsəddən başqa heç bir əsası yoxdur”.

Arzu Nağıyev onu da bildirdi ki, Ermənistanda seçkilərdən sonra sərt siyasi ritorikanın azalması müşahidə olunacaq.Hansı siyasi qüvvəninin seçkilərdə qalib gəlməsindən asılı olmayaraq, digər siyasi variantların gündəmə gələcəyi gözlənilir.(cebhe.info)

Qaynar.Az