Ermənistan hökuməti Azərbaycanla bağlı vəziyyətə nəzarət edir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəməyəcək.
Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının xarici əlaqələr üzrə daimi komissiyasının üzvü Qurgen Arsenyan RİA Novosti-yə bildirib.
"Ermənistanda vəziyyət elə deyil ki, biz KTMT-dən kömək çağırmağa məcbur olaq. Ölkəmizdə vəziyyət kifayət qədər ağırdır, lakin Ermənistan hakimiyyəti onu nəzarətdə saxlayır", - Arsenyan deyib.
O əlavə edib ki, Ermənistan "Azərbaycanla sərhəddə atışmalara görə” KTMT-dən öz ərazisinə hərbi kontingent göndərməyi xahiş etməyəcək.
"Mövcud olan təhlükə sistemli təhlükədir. Biz onu aradan qaldırmağa qadirik. Paşinyan başda olmaqla Ermənistanın siyasi rəhbərliyinin gücü ondan ibarətdir ki, o, problemləri gülləbaran etməkdənsə, danışıqlar yolu ilə tənzimləməyə üstünlük verir", - Arsenyan bildirib.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, tezliklə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiya yaradıla bilər. O xatırladıb ki, 2021-ci il noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri Rusiyanın məsləhət köməyi ilə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.
Alpər