Hüseynbala Səlimov
Bəli, düşünmək olardı ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verdiyi dəstək bəyanatları bu ölkənin politiloq və siyasi analitik camiyəsinə də təsir edəcək və onlar Azərbaycanın bir neçə rayonunun azad olunmasına ən azı BMT TŞ-nın dörd qətnaməsinin tələblərinin yerinə yetirilməsi, Madrid və Kazan proseslərinin davamı kimi baxacaqlar.
Amma yox, belə olmadı. Rusiyalı politoqloqlar hələ də Ermənistannın məğlubiyyətinin səbəblərini araşdırmaqdadırlar. Onlar bu cür cəhdlərini nə qədər malalamağa çalışsa da, məqsəd və məram dərhal nəzərə çarpır.
İlk öncə də duyulanı budur ki, münaqişənin bitməsi Moskvanın maraqlarına cavab vermir. Bəli, Rusiya prezidenti nə qədər "Dağlıq Qarabağ və ona bitişik rayonlar Azərbaycanın ərazisidir” desə də, hətta "Daha Dağlıq Qarabağ münaqişəsi yoxdur” söyləsə də, rusiyalı ideoloqların məramı tam başqadır: onlar hesab edir ki, bölgəyə Rusiya sülhməramlılarının gəlməsi münaqişənin bitməsi yox, əksinə onun yeni bir mərhələsinin başlanması deməkdir.
İkincisi, rusiyalı politoloqların çıxış və yazılarında bir pərtlik hiss edilir. Ən əvvəl ona görə ki, Ermənistan onların hərbi-siyasi müttəfiqidir və onun Azərbaycan tətəfindən məğlub edilməsi və xüsusən də bu prosesdə Türkiyənin siyasi və diplomatik dəstəyinin müəyyən təsirinin olması onları çox pərt edir.
Üstəlik, ruslar bu müharibəyə öz silah və texnikaları, hərbi taktika və strategiyaları üçün bir böyük poliqon kimi baxırdılar və məlum olanda ki, Azərbaycanın texnikası daha müasir və effektlidir, Bakının savaş taktikası daha üstündür, ruslar tamam-kamal pərt oldular və nə qədər çalışsalar da, pərtliklərini gizlədə bilmədilər...
Doğrusu, onların çıxış və yazılarını diqqətlə izləyirik. Bu günlərdə yenə də bununla məşğul olanda belə səpkidə daha bir yazı gözümüzə dəydi. Yazının qısaca məğzi bu idi ki, bəs niyə görə Ermənistan İsrail olmadı?
Qeyd edək ki, bir ara ermənilər də tez-tez bu sualı verir, İsrailə ABŞ kimi müttəfiqi olduğuna görə qibtə edir və deyirdilər ki, Rusiya da özünün Qafqaz bölgəsindəki siyasətini birmənalı şəkildə Ermənistanın maraqlarının dəstəyinə yönəltməlidir.
Əvvəllər də yazmışdıq ki, heç bir vaxt belə olmayacaq, çünki Rusiya böyük dövlətdir və onun bu bölgədə başqa maraqları da var, bu səbəbdən o, öz siyasətini bütünlüklə Ermənistanın sərsəm xülyalarına tabe etdirə bilməz.
Üstəlik, İsrail ilə Ermənistanı müqayisə etmək bülbüllə qarğanı tutuşdurmaq, müqayisə etmək kimi bir şeydir. İsrailin bölgə dövlətlərinə qarşı hər hansı iddiası yoxdur, sadəcə, bölgə dövlətləri özləri bu ölkəni tanımaq iatəmir və onunla hətta diplomatik əlaqələr qurmurlar.
Vəziyyəti dəyişmək üçün, bütün qonşularına qarşı ərazi iddiaları irəli sürən Ermənistandan fərqli olaraq, İsrail qonşularla dil tapmaq üçün hər şey edir və burada qeyd edək ki, bu il nəhayət, buz ərimişdi, bir neçə region dövləti Yerusəlimlə əməkdaşlıq sazişi imzalmaşdılar. Amma bir daha soruşuruq: Ermənistan nə deyir və nə edir? Türkiyə və Azərbaycan bir yana, bu axmaq ölkə İrana və Gürcüstana qarşı da torpaq iddiası irəli sürür. Bir gün "iki dəniz arasındak”ı, digər bir günsə "üç göl arasındakı” "Böyük Ermənistan”dan dəm vurur! Belə şəraitdə Ruisya ona birmənalı dəstək verə bilərmi?..
Bölgə dövlətləri tərəfindən Ermənistana qarşı heç bir təhdid yoxdur, bütün ölkələr dəfələrlə bəyan edib ki, onların İrəvana heç bir iddiaları və tələbləri yoxdur, daha doğrusu, bir tələb var: Ermənistan öz qonşularına qarşı ərazi iddiarınadan əl çəksin!..
Yaxın Şərqdə isə vəziyyət tamam tərsinədir. Orada təhdid əsasən ərəb ölkələri tərəfindən gəlir və bu ölkələr İsrailin bir dövlət kimi mövcudluğunu belə qəbul etmirlər və bunu hələ ötən əsrdə qəbul etdikləri "Xartum bəyannaməsi”ndə elan etmişdilər. Bir daha deyirik ki, burada da vəziyyət dəyişməyə doğru gedir, bu il Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İsraillə qarşılıqlı tanınma və əməkdaşlıq haqda saziş imzaladı və tezliklə bu prosesə Omanın və Sudanın da qoşulacağı bildirilirdi.
Odur ki, minor notlarında elə hey soruşmaq ki, bəs Ermənistan niyə məğlub oldu və ya Ermənistan niyə İsrail deyil, bu, necə deyərlər, bekara işdir və tamam mümkündür ki, erməni siyasətçiləri, diplomatları və ya hərbçiləri reallıq hissini tamam itiriblər. Ona görə də Rusiyanın ən böyük xidməti onda olardı ki, öz müttəfiqini reallığa qaytarsın...