
Ermənistan hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı qanun layihəsini müzakirə edərək, parlamentə göndərib.
Mövzu ilə əlaqədar Qaynarinfo.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, bu sənəd parlamentə boş yerə göndərilir: "Ermənistan hakimiyyəti başa düşür ki, qondarma "DQR"-in müstəqilliyini tanısalar özlərinə problem yaradacaqlar. Bu o deməkdir ki, danışıqlar bitir, Minsk Qrupuna ehtiyac yoxdur. Bu isə müharibənin başlanmasına rəvac verəcək əsas amildir".

Elxan Şahinoğlu
Politoloqun fikrincə, sənəd qəbul olunarsa Azərbaycan höküməti heç nə itirməyəcək: "Əksinə həm diplomatik, həm də hərbi müstəvidə fəalaşmaq üçün geniş zəmin əldə edirik. Bu sənəd qəbul olunarsa, o deməkdir ki, biz məsələni danışıqlar yolu ilə deyil, güc yolu ilə həll edəcəyik. Qəbul olunmaması isə o deməkdir ki, ermənilər artıq qorxur. Bu məsələdə Rusiyanın da təzyiqi var. Dünən Sergey Lavrov da dedi ki, belə bir məsələni aktuallaşdırmaq olmaz. Ona görə də, bu məsələni arxa plana atacaqlar".
Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan höküməti bu məsələni qaldırmaqla Azərbaycan hökümətini şantaj etmək istəyir: " Ermənistan hakimiyyəti bildirmək istəyir ki, güc yoluna üstünlük versəz biz qondarma "DQR"-i tanıyarıq. Amma anlamırlar ki, bunun Azərbaycan dövləti üçün önəmi yoxdur. Özlərindən başqa heç bir dövlət qondarma "DQR"-i tanımayacaq. Heç bir dövlət Azərbaycanla münasibətlərini korlamaq istəməz. Heç Rusiyanın özü belə bir addım atmaz. Son məqamda da bu məsələnin parlamentdə səs verməyə qoyulacağına inanmıram".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az