Bu gün Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Astanada üçtərəfli görüşü keçirilib. Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılmış danışıqlar batədə məlumat verib. Nazir delimitasiya üzrə komissiyaların artıq yaradıldığını, indiyə qədər iki görüşün keçirildiyini vurğulayıb. Üçüncü görüşün yaxın zamanlarda keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın bu prosesdə işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğu qeyd edilib.
"Azərbaycan və Ermənistan Praqada keçirilmiş dörddərəfli görüşün yekununda bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanımaq və hörmət etmək barədə razılığa gəlib. Bu, sülh müqaviləsinin əsasın təşkil edir”, deyə Ceyhun Bayramov bildirib.
Nazir xatırladıb ki, sonuncu dəfə bu formatda görüş bu ilin may ayında Düşənbədə keçirilib: "Xüsusən, sülh müqaviləsi ilə bağlı Cenevrədə oktyabrın 2-də ikitərəfli görüşün keçirilib və həmin görüşdə Azərbaycan tərəfindən sülh müqaviləsinin əsas elementləri Ermənistana təqdim olunub”.
Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev bildirib ki, Astana görüşündən ciddi nəsə gözləmir. Həmsöhbətimizin fikrincə, İrəvan prosesi daha çox Qərbin dəstəyi ilə həyata keçirmək istəyir:
"İrəvan kommunikasiyalarla bağlı müəyyən vədlər verməsinə baxmayaraq, hələ də onu yerinə yetirmir. Ancaq düşünürəm ki, sentyabrın 12-13-də baş verən sərhəd təxribatları fonunda İrəvanın aldığı zərbələr artıq ona kifayət qədər dərs olub. Bu mənada ola bilsin ki, kommunikasiyalar istiqamətində İrəvan hər hansı bir addım atsın. Ermənistan tərəfi ən azından Zəngəzurdan Azərbaycana avtomobil və dəmir yolunun verilməsilə bağlı məsələdə razılığa gələ bilər.
Brüssel görüşünün nəticəsi olaraq delimitasiya, su hövzələri və mübahisəli ərazilərlə bağlı 3 kommisiya yaradılmışdı. İstənilən halda xarici işlər nazirləri arasında bu istiqamətdə də səyləri davam etdirilə bilər. Amma aydındır ki, İrəvan bunu daha çox Qərbin dəstəyilə etmək istəyir.
İstənilən halda tərəflər yaxınlarda, ən azından bu ilin sonunadək ilkin sülh müqaviləsinin ilkin versiyasının hazır olmasına çalışacaq. Praqa görüşündə bir çox müsbət fikirlər səslənmişdi. Amma ən son Fransa prezidenti tərəfindən verilən açıqlamalar onu göstərir ki, Qərbin özü də bu məsələdə ardıcıl deyil. Bu da ola bilsin ki, Ermənistanı sülhdən yayındırmağa cəsarətləndirsin. Bütün hallarda onlar Azərbayanla sülh müqaviləsi imzalamağa məcbur olacaq”.
Rüfət Sultan