Xəbər lenti

Siyasət 13:53 19.02.2025

"Ermənistan xaosa sürüklənir" - Politoloq

Qərbdən gələn maliyyə yardımlarının kəsilməsi Ermənistanı çətin duruma salıb. USAİD kimi qurumların bağlanması Ermənistana dəstəyin itirilməsinə səbəb olub. Bu fonda Ermənistanda revanşistlər də aktivləşirlər. Sabiq prezident Robert Koçaryan belə illər sonra mətbuat konfransı keçirib və ölkənin düşdüyü ağır duruma görə Paşinyan hakimiyyətini sərt tənqid edib. Bütün bunlar Ermənistanda yaxınlarda daxili xaosun baş qaldıracağını düşünməyə əsas verir. 
 
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Yusif Bağırov bildirir ki, Qərblə Rusiya arasında gedən mübarizə Ermənistanda siyasi vəziyyəti daha da gərginləşdirir:

"Ermənistanda vəziyyətin gərgin olduğu hər keçən gün daha çox hiss olunur. Bu da təbiidir. Bir tərəfdən indiyə qədər Paşinyan hakimiyyətinin dəstəkçisi rolunda çıxış edən USAİD kimi ayrı-ayrı qurumların  bağlanması fonunda maliyyə yardımlarının kəsilməsi, sürətli silahlanma fonunda erməni ictimaiyyətində revanşist hisslərin yüksəlməsi və ən nəhayət hakimiyyətin reytinqinin hər keçən gün daha da aşağı düşməsi Koçəryan kimilərin yenidən meydana çıxması üçün münbit şərait formalaşdırıb. Putinin təzyiqləri həbsdən azad olunan Koçəryan bir müddət kölgədə qalsa da Baqratın başlatdığı hərəkatın əsas fiqurlarından olmaqla yenidən aktivləşməyə səy göstərdi. Lakin o zaman indiki qədər münbit imkanlar yox idi”. 



Sadalanan faktlar isə ekspertə görə, Koçaryan üçün yeni imkanlar açıb. O deyir ki, Koçəryanın aktivləşməsi də Rusiyadan gələn sifariş əsasında baş verir:

"Ermənistanın ABŞ-la imzaladığı müqavilə, Aİ üzvlüyü üçün prosedurlara başşlamaqla bağlı qərar Rusiyanı narahat etməyə bilməz. Amma indiki halda iqtisadi təzyiq rıçaqlarını işə salıb Ermənistanı özündən uzaqlaşdırmaqdansa Paşinyanı bir müddət təzyiq altında saxlamaq yolunu seçib. Bu təzyiq vasitələrindən biri də Köçəryandır".
 
Həmsöhbətimizin fikrincə, Rusiya ən azı Ukrayna müharibəsinin taleyi həll olunana qədər Köçəryan və onun kimilər vasitəsilə Paşinyanı təsir altında saxlamağa ümid edir:

"Təbii ki, bunu Paşinyan dəstəkçisi olan Qərb də kifayət qədər yaxşı bilir və təbii olaraq onlar da bu və ya digər şəkildə Paşinyana təzyiq göstərməklə öz maraqlarını təmin etməyə çalışırlar. Qərblə Rusiya arasında bu mübarizə isə ölkədə siyasi vəziyyəti daha da gərginləşdirir. Biz Gürcüstanda beynəlxalq oyunçuların öz maraqlarını təmin etmək üçün apardıqları fəaliyyəti və bunun da ölkəni hansı duruma saldığını artıq gördük. İndi də öz maraqlarını qorumaq istəyən Rusiya ilə, maraqlarını təmin etmək istəyən Qərb arasında Ermənistanda hökm sürən vəziyyət təbii ki, ölkədə yeni xaosun meydana gəlmə ehtimallarını artırır". 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->