Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdiriblər.
Müdafiə Nazirliyinin bununla bağlı yaydığı bəyanatda deyilir ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Qeyd edək ki, sentyabrın 12-13-də Ermənistan tərəfi məhz sərhəddə geniş miqyaslı təxribat həyata keçirərək, atəşkəsi pozmuşdu. Nəticədə Azərbaycan Ordusu onlara layiqli cavab verərək, strateji əhəmiyyətli bir neçə yüksəklikdə möhkəmlənir. İndi isə göründüyü kimi, İrəvan Daşkəsən istiqamətində yenidən qüvvə toplayır.
Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, İrəvanın Daşkəsən istiqamətində yeni hərbi qüvvə cəmləməsi Moskvanın göstərişilə Avropa İttifaqının mülki missiyasına əngəl olmaq məqsədi daşıyır:
"Ermənistanın Daşkəsən istiqamətdə canlı qüvvə toplaması daha çox İrəvana havadarları tərəfindən verilən tapşırıqdır. Bu gün Avropa İttifaqının 40 nəfərdən ibarət ilk mülki missiyası Azərbaycan-Ermənistan sərhədi boyunca monitorinq məqsədilə yerləşdirilməlidir. Ümumilikdə bu məqsədlə iş aparmaq üçün 400 nəfər cəlb olunmalıdır. Bu isə Moskvanın planlarına ziddir.
Rusiya oktyabrın 6-dakı Praqa görüşündən narazıdır. Aİ çalışır ki, prosesi tez bir zamanda həll etsin. Ermənistan da qoşunlarını Daşkəsən istiqamətinə cəmləməklə Aİ-nin digər missiya üzvlərinin sərhədə gəlməsinin qarşısını almaq məqsədilə gərginlik yaratmağa çalışır. Yəni, Ermənistan sadəcə Rusiyadan alınan təlimata əsasən prosesi durdurmaq, missiyanın fəaliyyətini iflic etmək, ona maneə olmaq üçün bu addımı atır. Növbəti dəfə qan tökməklə gərginliyin yaşanması və məsələnin həllinin arxa plana keçməsinə çalışırlar. Yoxsa, Daşkəsənlə sərhədə yerləşdirilən 4 artileriya qurğusu Azərbaycan Ordusunun qarşısında nəyisə həll etmək gücündə deyil. Azərbaycan Ordusu 4 artileriya qurğusunu bir neçə dəqiqəyə məhv etmək gücündədir”.
Rüfət Sultan