Xəbər lenti

Ermənistanda növbədənkənar seçkilər baş tutacaqmı?..
Hüseynbala Səlimov
Siyasət08:47 22.03.2021

Ermənistanda növbədənkənar seçkilər baş tutacaqmı?..

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Ermənistanın baş naziri Nikol Paşinyan artıq bəyan edib ki, növbədənkənar parlament seçkiləri bu ilin iyununda baş tutacaqdır.
Bizm buna şübhə etmək üçün hər hansı bir əsasımız yoxdur, çünki parlament respublikalarında baş nazirlik institutu parlamentdəki çoxluğa əsaslanır, bu isə o deməkdir ki, Paşinyan yeni seşki qərarını həyata keçirmək üçün çox asanlıqla parlamentin razılığını ala biləcəkdir.
Prinsipcə, müxalifəti də "başa düşmək” mümkündür, onlar gözəl bilir ki, heç kim onlara səs verməyəcək.
Xatırladaq ki, hal –hazırda Ermənstanda ABŞ-ın Respublikaçılar İnstitutunun keçirdiyi sorğular geniş müzakirə olunur. Həmin sorğulara əsasən respondentlərin 70 faizi Dağlıq Qarabağ hərbi-siyasi teatrında bərqərar olmuş atəşkəs rejimini müdafiə edir. 
Ayrı-ayrı siyasətçilərin reytinqinə gəldiksə isə, əvvəlcədən də güman edildiyi kimi, burada da Paşinyan liderlik edir – beləki respondentlərin 33 faizi onu dəstəkləyir və bu fonda müxalifət liderlərinin reytinqləri cəmi 1-2 faiz təşkil edir. 
Elə buna görə də müxalifət seçkilərə qatılmaq istəmir. Amma bir daha qeyd edək ki, seçki böyük ehtimalla reallaşacaq. Rusiyanın münasibəti də burada mühüm rol oynayacaqdır – Moskva da bəyan etdi ki, seçkilər Ermənistanın daxili işidir. Düşünürük ki, artıq Vaşinqtonda da müəyyən qənaətlər əldə ediblər.
Bəzi politoloqlar belə hesab edir ki, guya yeni ABŞ administrasiyası Qarabağdakı sülh prosesinə qarşı çıxır və yaxud da çıxmağı planlaşdırır.   
Birincisi, belə bir şey yoxdur. İkincisi, Respublikaçılar İnstitutunun keçirdiyi sorğular çox şey deyir və böyük ehtimalla həmin sorğular ABŞ siyasətinin bir növ fundamenti olacaqdır.
Ermənistanın xalqı Dağlıq Qarabağ kriminal siyasi klanının fokuslarından yorulub və beziblər. Axı, nə az, nə də çox, düz otuz il keçibdir! İnsanlar istəmir ki, oğulları Dağlıq Qarabağda həlak olsun və cinayətkar Qarabağ siyasi klanının siyasi avantüralarının qurbanına çevrilsinlər. Onlar indiki müxalifətin etiraz aksiyalarına demək olar ki, dəstək vermirlər və Koçaryanların, Sarqsyanların və Manukyanların aksiyalarında demək uzağı 2-3 min adam iştirak edir. 
Ona görə də biz dəfələrlə yazmışıq ki, Ermənistanda növbəti inqilab haqqında yox, ən yaxşı halda hərbi qiyam və dövlət çevrilişi haqda danışmaq olar. Koçaryanlar, Sarqsyanlar isə bunun bir növ ustasıdırlar və hamı bu adamları siyasi quldur kimi tanıyır.
Rusiyalı siyasətçilərin və diplomatların da bəyanatları prosesə stabilləşdirici təsir göstərir. Ermənilər anlayırlar ki, yeni müxalifətin şüarlarının heç bir mənası yoxdur, Qarabağ prosesinin mahiyyətini və onun evolyusiyasını rusiyalı siyasətçilərin və diplomatların bəyanatlarında aramaq lazım gəlir, onlar isə birmənalı şəkildə bəyan edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Əlbəttə ki, rusiyalı sülhməramlıların fəaliyyətində hərdən çətin izah olunan məqamlara da təsadüf olunur. Amma əsas odur ki, Azərbaycan və Rusiya liderləri arasında dərin anlaşma var. Sözsüz ki, Moskva öz "strateji maraqlar”ını da unutmur. Təsadüfi deyil ki, bəzi analitiklər belə hesab edir ki, Dağlıq Qarabağda rus sülhməramlılarıının yerləşdirilməsi böyük bir siyasi partiyanın yalnız debütüdür–guya Azərbaycan Avrasiya İttifaqının üzvü olacaq və Gömrük İttifaqına qoşulacaq. Amma bizə elə gəlir ki, bunlar ən azı tələsik nəticələrdir və belə bir şey qəti olmayacaq.
Hazırda Bakı və Ankara arasında intensiv yaxınlaşma hiss olunur. Güman Moskvada anlayırlar ki, Bakıya izafi təzyiq etməyin bir mənası yoxdur, çünki o, daim Rusiyanın da bölgədəki geosiyasi maraqlarını nəzərə alır.
Əvvəlki yazılarda dəfələrlə qeyd etmişik ki, coğrafiya siyasi tale deməkdir. Amma bəzən elə olur ki, siyasi coğrafiya da dəyişir. Bunun vaxtı yetişibmi? Etiraf edək ki, biz hələ bu suala cavab verməkdə acizik.
Yeni ABŞ  hakimiyyəti Rusiyaya qarşı çox kəskin siyasətə başlayıb - əlbəttə ki, hələ söz və bəyanat səviyyəsində. Bundan başqa, düşünmək ki, Kreml dərhal bu siyasət qarşısında təslim olacaq, - sözsüz ki, bu heç də düzgün qənaət olmazdı. Prezident V.Putin Co Baydenin sonuncu çox kəskin bəyanatına çox ironik bir formada reaksiya verdi: "Ona sağlamlıq arzulayıram!”. Bəli, Bayden, ola bilsin, çox qətiyyətli siyasətçidir, gəl, o çox yaşlı bir adamdır və bu yaşda insanlar daha çox öz sağlamlıqları ilə bağlı qayğılarla yaşayırlar...