"Tehran son günlər yersiz hay-küy qoparmaq, Moskva da daxil yaxın ölkələrə səfərlər etməklə Azərbaycanla Ermənistan arasında astanasında olduğumuz sülh sazişini pozmağa çalışır”.
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Rusiyaya səfərini şərh edərkən deyib. Həmsöhbətimizin fikrincə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından ən çox narahat olan ölkə məhz İrandır:
"Gələn siqnal və mesajlar, Azərbaycan Prezidenti, Ermənistan baş naziri, Rusiya, Türkiyə və Minsk qrupu həmsədrlərindən verilən açıqlamalar ona işarədir ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması prosesi son mərhələdədir. Bundan ən çox narahat olanlar Ermənistandakı revanşist qüvvələr, onun Moskvadakı havadarları ilə yanaşı, İrandır. İran mətbuatı Ermənistanın sülh yaratma prosesində iştirak etməklə Tehrana xəyanət etdiyini yazır. Ermənistanın xarici işlər naziri Tehrana səfər etdi. İran habelə Azərbaycanla sərhəddə hərbi təlimlər keçirdi, ölkəmizi yersiz sionist suçlamalarda ittiham etdi, habelə başda Xamneyi olmaqla Bakıya qarşı müxtəlif açıqlamalar səsləndirdi. Bütün bunların sonunda İranın xarici işlər naziri Moskvaya getdi. Bir sözlə, Tehranın bu hay-küy yaratmaqda məqsədi Bakı ilə İrəvan arasında sülh sövdələşməsini pozmağa hesablanmış cəhddir. Azərbaycan Prezidenti isə Cəbrayıl sakinləriylə görüşdə İrana mesaj verərək bildirdi ki, Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan arasındakı razılaşma yetərlidir və qoşulan qoşulsun, qoşulmayan qoşulmasın”.
N. Cəfərsoy bildirir ki, İran XİN rəhbərinin Moskva səfəri də məhz sözügedən sülh sazişini pozmaq məqsədi daşıyır:
"Bu səfərdən belə anlaşılır ki, İran həmin məsələdə Ermənistanı öz tərəfinə çəkə bilməyib. Nəticədə İranın baş diplomatı bu işdə əsas söz sahibi olan Moskvaya səfər etdi. İran mətbuatı da sülh razılaşmasının Rusiyanın marağına zidd olduğunu, regionda Türkiyəni gücləndirəcəyi mesajlarını verir”.
Ancaq ekspert Rusiyanın İranın sözügedən etirazlarına müsbət cavab verməyəcəyini düşünür:
"Bunu ola bilsin Tehrana açıq şəkildə deyil, dolayı bildirəcəklər. Çünki Rusiyanın İranla başqa münasibətlər sistemi var, onu korlamayacaqlar. Həm də üstüörtülü deməklə Bakı, Ankara və İrəvanla münasibətlərdə özləri üçün manevr imkanları yaratmağı düşünürlər”.
N. Cəfərsoyun fikrincə, İran Moskvadan istədiyi gözləntini almayınca, ardınca Ankaraya və Bakıya səfər edəcək:
"Ondan sonra İran önümüzdəki dönəmdə qaçmağa çalışdığı "altılıq platforması”na daxil olmaq zorunda qalacaq. İranın mövcud vəziyyətini Fransanın 44 günlük müharibədən əvvəl və sonrakı davranışlarına bənzədirəm. Paris əvvəl bu məsələdə kəskin ermənipərəst mövqe tutsa da, sonda yumşaldı. İran da indi bu vəziyyətdədir”.
Rüfət Sultan