Xəbər lenti

Əsgər aksiyasına rəsmi reaksiya
Ölkə14:32 10.03.2013

Əsgər aksiyasına rəsmi reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bu gün bir qrup gəncin aksiya keçirmək cəhdindən xəbərimiz var. Hüquq-mühafizə orqanları bu qanunsuz cəhdin qarşısını alıb”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib.

E. Sabiroğlu əsgər ölümlərinə qarşı etiraz aksiyası keçirənləri anaların göz yaşından istifadə etməkdə günahlandırıb: “Anaların, bacıların göz yaşından şəxsi məqsədlərlə istifadə etmək vicdanlı bir hərəkət deyil. Ordu haqqında bu gün kim ağlına nə gəlirsə danışır, kim nə istəyirsə deyir. Ordunu aşağılamaq olmaz!”

E. Sabiroğlu Müdafiə Nazirliyinin ordudakı hər ölüm faktına görə ciddi araşdırma apardığını və günahkarların cəzalandırıldığını bildirib: “Biz əsgərlərimizə laqeyd, biganə deyilik. Dövlətimiz və prezidentimiz orduya çox ciddi qayğı göstərir. Bu dövlət 15-20 il əvvəlki dövlət deyil. Ordumuz 20 ildir səngərdədir və döyüşür. Bu ordu ilə fəxr etmək lazımdır. Amma bəzi qüvvələr yalan informasiyalarla cəmiyyətlə ordu arasında qarşıdurma yaratmaq istəyirlər. Bunu lənətləyirik”.

 E. Sabiroğlu sonda sual edib: “Bu aksiyanı keçirmək istəyənlər nə qazandılar, nə əldə etdilər? Mən hesab edirəm ki, bu gəncləri küçəyə çıxaranların niyyəti başqadır”.

Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə deyib ki, bu aksiyaya cəhd edənlər və onun təşkilatçıları bəzi müxalifət partiyaları rəhbərlərinin yaxın ətrafıdır”.

S. Novruzov həmin siyasi partiyaları ölkədə sabitliyi pozmaq üçün  xaricdən himayə olunmaqda da ittiham edib: “ Bu siyasi qurumlar zaman-zaman xarici himayədarlarının təlimatına uyğun olaraq, Azərbaycanda ictimai asayişin pozulmasına cəhd edirlər.  Bugünkü aksiya cəhdi də bunlardan biridir”.

YAP rəsmisi bu aksiyanı həm də “insanların faciəsindən istifadə” adlandırıb: “Çox təəssüf edirəm ki, bəzi insanların qarşılaşdıqları faciə üzərindən öz siyasi və şəxsi məqsədlərini həyata keçirmək istəyən qüvvələr var”.

S. Novruzov deyib ki, aksiya razılaşdırılmadığı üçün qarşısı alınıb: “Bundan sonra da qanunun tələblərini pozan cəhdlərin qarşısı alınmalıdır”.

Qaynar.info