Xəbər lenti

Ev almaq istəyənlər üçün ipoteka xəbəri
Ekonomiks11:54 23.04.2016

Ev almaq istəyənlər üçün ipoteka xəbəri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İndi ipoteka ilə maraqlananlar çoxdur. Bu barədə müraciət edib məsələ ilə maraqlananların çoxu gəncdir. 
Müraciət edənlərin əksəriyyəti Azərbaycan İpoteka Fondunun təqdim etdiyi indiki şərtlərlə Bakının Günəşli və Əhmədli kütləvi yaşayış zonalarında iki otaqlı ev, yaxud Xırdalanda həyət evi almağa qadirdirlər. Qiyməti təxminən 65 min manat ətrafında dəyişən bu evləri illik dərəcəsi 8%-ə bərabər olan adi ipoteka yolu ilə   almaq üçün 15 min manata qədər ilkin ödəniş və 850 manat aylıq gəlir kifayətdir.
Ər və arvadın orta maaşa (472 manat) işlədiyi iki nəfərlik ailədə bu yolla ev almaq kirayə qalmaqdan daha məntiqli sayılır. Çünki bu cür mənzillərin ipotekaya götürülməsi üçün lazım olan  aylıq ödəniş təxminən 400 manata bərabərdir.  Gənclər bu cür evləri ipotekaya götürməyi, təbii ki, ayda 350 manat verib kirayə qalmaqdan qat-qat üstün sayırlar.   
Əmlak bazarı sahəsində çalışan analitiklər də ipotekanı sektor üçün çox vacib aktivlik qaynağı sayırlar. "İlk ipoteka kreditlərinin verildiyi 2009-cu ildən başlayaraq ipoteka ilkin mənzil tikintisinin əsas aktivlik qaynaqlarından biridir. Kredit götürən evi təkrar mənzil bazarından alsa da həmin pul dövr edərək sonda ilkin mənzil bazarına yönəlir. Bu isə tikinti və tikinti materialları sektorlarının canlanması, minlərlə yeni iş yeri deməkdir", - deyə  “MBA” konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov anspress-ə müsahibəsində bildirib.
Nüsrət İbrahimovun fikrincə, 2016-cı ilin dövlət büdcəsində ipoteka üçün nəzərdə tutulmuş 50 milyon manatın ayrılması gerçəkləşdirilərsə, bu, sektorda ciddi canlanma yarada bilər: «Ötən il mənzil ucuzlaşdı və artıq bazarda durğunluq var.  İpoteka üçün ayrılmış pullar sektora verilsə, bütövlükdə 100-110 milyon manatlıq mənzil satışıdır. Bu, 2 mindən çox mənzil deməkdir. Həmin pullar sektorda ciddi canlanma yarada bilər». 
Son 6 ildə hər il ipoteka hesabına 2-2,2 min mənzil satılıb. Orta hesabla götürdükdə  bu, ildə 30-a yaxın yeni 12 mərtəbəli binanın istifadəyə verilməsi deməkdir. Bu, minlərlə  yeni qurulmuş ailənin mənzillə təmin olunması ilə yanaşı, həm də tikinti sektorunda minlərlə iş yeri deməkdir. Azərbaycan İpoteka Fondunun təqdim etdiyi statistikadan görünür ki,  güzəştli ipoteka alanların 78,4%-i hərbi qulluqçulardır, 9,4%-i isə dövlət qulluqçularıdır.  Yəni bu kreditlərin orta sinifin formalaşması, istiqrarlı dövlət quruculuğu üçün önəmi danılmazdır.     
Lakin Azərbaycan İpoteka Fondundan ANS PRESS-ə həmin pulların hələlik quruma çatdırılmadığı bildirlib. Yəni buna görə də hələ ki, dövlət vəsaitləri hesabına güzəştli şərtlərlə ipoteka krediti vermək qeyri-mümkündür. Eyni zamanda, rəsmi dairələrdə sosial evlərin tikintisindən danışılmağa başlanıb. Buna görə də bir çox potensial müştərilər artıq hökumətin ipoteka kreditləşməsindən imtina etdiyini düşünürlər. 
Amma millət vəkili, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov ANS PRESS-ə müsahibəsində bu məsələ ilə bağlı narahat olmamağa çağırı6: «Həmişə birinci rübdə ipoteka kreditlərinni verilməsi bir qədər zəifləyir. Adətən ipoteka üçün vəsaitlərin ayrılmasına aprel-may aylarından sonra başlanır. Buna görə narahat olmağa dəyməz».
Millət vəkili hazırda ipoteka şərtlərinin bazara uyğunlaşdırılması və daha əlverişli olması ilə bağlı işlərin getdiyini də bildirir: «Güzəştli ipotekanın dərəcəsinin 2%-ə və adi ipotekanın dərəcəsinin 4%-ə qədər azaldılması ilə bağlı təkliflər var. Həmçinin maksimum məbləin 80-120 min manata qədər qaldırılması da təklif edilir. Bunlar da dəyərləndiriləəck və yaxın vaxtlarda qərar veriləcək».
Göründüyü kimi, ölkədə mənzil tikintisinin canlanması üçün bir neçə istiqamətdə iş gedir. Bu niyyətlərin son nəticəsi ölkədə qurulan hər bir gənc ailəni öz gəlirləri hesabına mənzillə təmin etmək olmalıdır. Son nəticədə, bu bazar rentabelli olmalıdır və bazar iqtisadiyyatı şəraitində mənzil fondunu optimal şəraitdə yeniləməyə imkan verməlidir. Xohbəxt millət olmağın vacib şərtlərindən biri məhz budur.        
Qaynarinfo.az