"Facebook" sosial şəbəkəsinin rəhbəri Mark Zukerberk şirkətin ağıllı telefonlar üçün yaratdığı "Home" adlı yeni məhsulu təqdim edib. Qaynar.info-nun məlumatına görə, "Facebook"un Kaliforniyadakı mərkəzi ofisində mətbuat konfransı keçirən Mark Zukerberq yeni proqramın aprelin 12-dən etibarən istifadəçilər tərəfindən "Google play" vasitəsilə yükləyə biləcəklərini söyləyib.
Şirkətin gözlənilənlərin əksinə olaraq yeni telefon istehsal etmədiyini deyən Zukerberq "Facebook"u Google Android proqramı ilə işləyən bütün ağıllı telefonların əsas mərkəzinə çevirəcək bir mobil vasitə yaratdıqlarını söyləyib.
Zukerberq istifadəçilərin e-mail, xəritələr və digər xidmətlər kimi proqramları vahid əsas ekrandan görmələrinə şərait yaradan "Home"u "Facebook"un indiyə qədər ən yaxşı versiyası adlandırıb.
Qeyd edək ki, "Facebook"un yeni versiyası HTC şirkətinin yeni istehsal etdiyi mobil telefonlarda standart proqram olaraq yer alacaq. Həmin telefonlar da aprelin 12-də satışa çıxarılacaq. Qaynar.info