
Avstraliyalı qadın Əbu-Dabi həbsxanasından buraxılandan sonra Birləşmiş Ərəb Əmirliklərindən deportasiya olunub. O, bir maşının əlillərə məxsus parkinq yerinin qabağını kəsdiyini göstərən fotonu «facebook»a qoymuşdu. Buna görə bazar ertəsi həbs olunub. Avstraliya Yayım Korporasiyasının məlumatına görə, Jodi Magi sosial mediada «pis sözlər» yazdığı üçün saxlanıb.
39 yaşlı rəssam çərşənbə axşamı «facebook»da yazıb ki, onu buraxıblar.
«53 saat ərzində topuqlarımı qandalladılar, üst-başımı axtardılar, qanımdan analiz götürdülər. Döşəksiz və yastıqsız beton döşəmədə yatdım, tualet kağızı, yemək üçün çəngəl-bıçaq vermədilər. Bütün bunlardan sonra sevinclə bəyan edirəm ki, SAĞ-SALAMATAM VƏ ƏBU-DABİ HƏBSXANASINDAN ÇIXMIŞAM».
«Başıma gələnin anormal olduğunu düşünürsünüzsə, Əbu-Dabi həbsxanasında ikicə gün qalın; orada gördüyüm qadınlarla müqayisədə şikayətlənə bilmərəm. Onların yeganə günahı yoxsul olmaları, yanlış oğlana ərə getmələri, nikahdankənar uşaq dünyaya gətirmələri və/və ya sistematik polis korrupsiyasının qurbanı olmalarıdır».
«Onların əhvalatlarını eşitdikdən sonra min faiz əminəm ki, Avstraliya vətəndaşı olmasaydım, media bu məsələyə bu qədər diqqət ayırmasaydı, səfirlik işə qarışmasaydı və dostlarımın, eləcə də tanımadığım adamların dəstəyi olmasaydı, belə tezliklə qurtula bilməzdim».
«Magi hələ ötən ay məhkəmədə təqsirli bilinib. Ancaq bazar ertəsi cərimə ödəmək üçün gələndə saxlanıb», - «Al-Jazeera» yazır.
Sözügedən foto «facebook»a fevralda yerləşdirilib, daha sonra çıxarılıb. Əlil maşınları üçün nəzərdə tutulmuş yerdə saxlayan maşının nömrəsi isə fotoda qaraldılıb və onu müəyyənləşdirmək mümkün olmayıb.
Magi çərşənbə axşamı «facebook» postunu müdafiə edib, yazıb ki, ad çəkmədiyi, qeydiyyat nömrəsini belə gizlətdiyi maşının fotosu üçün 3600 dollar cərimə və deportasiya həddən artıq ağır cəzadır. Magi Əbu-Dabiyə 2012-ci ildə köçüb, qadınlara qrafik dizaynı öyrədirmiş.//azadliq.org
Qaynar.info