Xəbər lenti

Fahişənin xəyalı ilə (HEKAYƏ)
Ölkə11:35 10.02.2018

Fahişənin xəyalı ilə (HEKAYƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo yazıçı Tərlan Şıxlının "Fahişənin xəyalı ilə" adlı hekayəsini sizlərə təqdim edir:
Dan yeri təzəcə sökülürdü. Təbriz küçəsindəki hündür mərtəbəli binada çalışan fəhlələr yuxulu gözlərini ovuşdura-ovuşdura işə başlamışdılar. Adətən onların hər iş səhəri belə başlayardı. Yarım yuxulu və yorğun halda işə başlayardılar. Arabir kiçik fasilə vaxtlarında termoslardan çaylar süzülər, çay içə-içə, siqaret çəkərdilər. Ordan-burdan söhbət açıb beş-üç dəqiqə danışardılar. Sonra isə işlərinə davam edərdilər.
Bu oktyabr səhəri də onlar üçün hər zamanki oxşar günlərdən biri idi. Qəfil fəhlələr arasında daha yaşlısı Muxtar kişinin bağıraraq cavanlardan siqaret istəməsi, səhərin səssizliyini həyasızcasına pozmuş oldu. Biləsuvardan olan iki cavan fəhlə eyni anda əllərindəki qutudan Muxtar kişiyə siqaret uzatdılar. O, da ona tərəf uzanmış əllərdən heç birini geri çevirmədən, hər qutudan bir siqaret götürdü. Siqaretlərdən birini dodaqlarının arasına qoyub digərini üsulluca qulağının dibinə yerləşdirdi. Sonra məğrur halda kibrit qutusundan bir gilə çıxarıb ağzındakı siqareti alışdırdı. Yan tərəfdən, "Ay Muxtar görəsən elə bir gün olacaq ki, alıb cibinə siqaret qoyasan", - deyərək prorab Sultan söhbətə qoşuldu.
Muxtar kişi əlini bir az əyilmiş belinə dayayıb papirosunu tüstülətməyə davam edirdi. Bir qədər sonra ustalar və fəhlələr çay fasiləsinə dayandılar.
Hərə termoslardan öz fincanına çay süzməyə girişmişdi. Muxtar kişi də ağız hissəsi bir neçə tərəfdən sınmış köhnə fincanını doldurub söykənəcəyi olmayan stulda oturmuşdu.
Burada əlliyə yaxın işçi çalışırdı. Əksəriyyəti də müxtəlif rayonlardan paytaxta pul qazanmaq üçün gələn cavanlar idi. Kimisi çarəsizlikdən, rayonda iş tapa bilmədiyi üçün bura gəlmişdi. Kimisi qoyun-quzusunu satıb daha yaxşı həyat üçün Bakıya köçmüşdü, bəziləri gündüzləri uzunqulaq kimi çalışıb axşamları paytaxtda eyş-işrət sevdası yaşamaq həvəsi ilə gələnlər idi. Belələrinin rayonlarda hektarlarla torpaq sahəsi var idi. Əkin-biçinlə məşğul olub bəlkə də böyük fermerlərə çevrilə bilərdilər. Onlar isə özünü azacıq zəhmətə verməyib, səhərdən axşamacan tikintidə ağır işlər görürdülər.
Bu cür cavanlardan biri də Kürdəmirli Həsən idi. Buradakılar ona Uzun Həsən deyirdilər. Həsən artıq iki ilə yaxın idi ki, Bakıda müxtəlif tikililərdə fəhlə kimi çalışırdı. İri gövdəsi ilə ən ağır işləri görür, ətrafdakılara fikir vermədən işini canla-başla yerinə yetirirdi. Gün sonunda pulunu alar, heç kimlə xüdahafisləşmədən işdən uzaqlaşardı. Onun burada demək olar oturub-durduğu elə bir adam yox idi. Çox danışmaz, kimsəylə yoldaşlıq etməzdi. Amma bir az əvvəl Muxtar kişinin söhbətinə yaman qəhqəhə çəkib gülmüşdü.
Sən demə, Muxtar kişi dünən cırılmış şalvarını dərziyə apararaq, dərzidən onu tikməsini istəyibmiş. Dərzi də ona şalvarın çox köhnə olduğunu bildirib, bunu tikməkdənsə yenisini almağı məsləhət görübmüş. Muxtar kişi buna cavab olaraq, xanım dərzidən ərinin olub olmadığını soruşmuş. Dərzi başını yelləyərək olduğunu demiş, bunu nə üçün sual etdiyini soruşmuşdu. Muxtar kişi müdriklik etmək istəyib daha bir sual vermişdi: 
- Yəqin çoxdan evlisiniz eləmi? 
Dərzi, yenə başını yelləyib təsdiq etmiş və yenidən niyə bu sualı verdiyini soruşmuşdu. Muxtar kişi təmkinlə belə söyləmiş:
- Baxın, əriniz də artıq çoxdandır ki var. Yəqin çox köhnəlib. İndi köhnəlib deyə onu atacaqsınızmı?
Qadın əsəbiləşib Muxtar kişinin cırılmış şalvarını üstünə ataraq, onu ordan qovubmuş.
Muxtar kişinin başına gələn bu əhvalat fəhlələrin kefini yaman açmışdı. Adətən üzü heç gülməyən Həsən də özünü saxlaya bilməyib bərkdən gülmüşdü.
Muxtar kişi zahirən əhli-kef və heç nəyi vecinə almayan biri kimi görünsə də, əslində tam başqa adam idi. O hamıya qarşı qayğıyla yanaşar, özündən qat-qat cavan fəhlələrlə də yoldaşlıq edərdi. Birinin barmağı kəsilsə, dərhal ora qaçar, yardım etməyə çalışardı. 
O bütün bunları ürəkdən edirdi. Çünki, qəlbi çox təmiz idi. Elə bu xüsusiyyətlərinə görə də, burda işləyən hər kəs onun xətrini çox istəyirdi.
Çay fasiləsi bitər-bitməz fəhlələr yenə iş başına qayıtdılar. Günortaya qədər gərgin işdən sonra nəhayət onlar nahar fasiləsinə çıxmağa hazırlaşırdılar.
Nahar vaxtı onların ən sevdiyi vaxt idi. Bu vaxt onlar həm yemək yeyə, həm də yolla universitetə gedib-gələn gənc qızlara baxa bilirdilər. Bəzi fəhlələr yeməyini çox sürətlə yeyib bitirər, bir az saç-başlarına əl gəzdirib yola çıxardılar. Qız tutmaq eşqi ilə yarım saat yol kənarında dayanardılar. Keçən qızlara göz vuran kim, söz atan kim, sataşan kim, hırıldaşan kim. Doğrudur, adətən onların bu istəkləri ürəyində qalsa da, bəzən müvəfəqiyyət qazananlar da olurdu. Elələrindən bəziləri elə bu yolda tanış olduqları qızlarla keflərinə qulluq edirdilər.
Həsən, bu dəstəyə heç qoşulmazdı. Nə iş vaxtı, nə də nahar vaxtı yola çıxmazdı. Utancaq xasiyyəti, qaraqabaq görünüşü yoldaşlarını onunla ünsiyyət qurmaqdan çəkindirirdi. Ümumiyyətlə, bu cavana baxarkən onun həyat amalının nə olduğunu müəyyən etmək çox çətin idi. Kim üçün yaşayırdı? Nə üçün burada idi? Hamı kimi təkcə çörək pulu qazanmaq dərdində idimi?
Əslində burada çalışan hər kəs bir-biri haqqında çörəyə görə burdadır düşüncəsində idi. Belə düşünmək daha rahat idi. Və kiminsə bir başqasının qayğılarıyla, həyatıyla maraqlanmağa nə istəyi, nə də həvəsi vardı. Fəhlələr arasında ali təhsillilər də var idi. 4 il universitet oxuyub burada palçıq qarışdıranlar, daş daşıyanlar heç də az deyildi. Hərdən işçilər arasında dava da düşərdi. Adi palçıq qarışdırmaq və ya mismarı ya çəkici bir-birinə gec ötürmək üstündə bəzən elə qiyamət qopardı ki, gəl görəsən. Adətən, belə hallarda Muxtar kişi ağsaqqallıq edib bu tipli davaları yatırar, aranı sakitləşdirərdi.
Günortadan bir qədər keçmişdi. 
Bir qayda olaraq, nahar fasiləsindən sonra işləmək çətin olurdu. Yeməkdən sonra bədəni ağırlaşan, yuxulayan fəhlələr dillərini-dişlərinə sıxıb candərdi işləyirdilər. Bu vaxtlar onların yalnız bir niyyəti olardı. Bir təhər iş gününü başa vurmaq.
Birdən, aşağıdan guppultu səsi eşidildi. Səsə aşağıya boylanan fəhlələr dərhal üzlərini tutub başlarını yuxarı qaldırdılar. Yenə, kimsə yuxarı mərtəbədən düşmüşdü. Bəlkə də kiminsə həyat çırağı sönmüşdü. Bakıdakı tikintilərdə bu artıq adi bir hala çevrilib. Ayda ən azı bir-iki nəfər belə bədbəxtcəsinə canını tapşırır. Burda işləyənlər də bunu artıq o qədər dəhşətlə qəbul etmir. Bir az ah çəkməklə, bir az heyfslənməklə hər şey bitir. Ölənin üstü bükülərək yola salınır, qalanlar isə heç nə olmamış işlərinə davam etməyə məcbur edilir. Halbuki, həmin mələfəyə bükülüb göndərilən adam bir neçə dəqiqə əvvəl onlarla bərabər çalışırdı. Onlarla deyib gülür, onlarla yemək yeyir, onlarla birgə gün keçirirdi. Necə də dəhşətlidir.
- Görəsən indi hansı zavallı düşdü? deyən briqadirin xırıltılı səsi yuxarıdan eşidildi.
- Deyəsən, Muxtar kişidir. Prorab Sultan cavab verdi. 
- Vah, ay Sultan. Ola bilməz. Muxtar belə işlərdə çox ehtiyatlıdır. O olmaz. Düşün bir baxın görün. Bəlkə kimdirsə, sağdır zavallı.
Fəhlələr hamısı aşağı düşməyə tələsdilər. Yerdə uzanıb, ağzından qan damcıları süzülən həqiqətən Muxtar kişi idi. O, xırıltılı səsi ilə nəsə deməyə çalışsa da, bunu bacarmadan canını tapşırdı. Bir az sonra təcili yardım maşını gələrək, üstü bükülmüş ölünü hadisə yerindən uzaqlaşdırdı.
Briqadir qalın səsiylə, "Di dağılışın ordan, Allahın işidir. Olacağa çarə yoxdur. Gəlin işinizlə məşğul olun", deyərək fəhlələrə səsləndi. Fəhlələr də heç nə demədən sakitcə işlərinin başlarına qayıtdılar. Və iş günü əvvəlki axarıyla davam etməyə başladı.
Muxtar kişinin ən çox yoldaşlıq etdiyi usta Mirzə yaman kövrəlmişdi. Əlini Həsənin çiyninə vuraraq hıçqırıqlı səsiylə danışmağa başladı. Yazıq Muxtar, biçarə Muxtar. Zavallının iki balası var idi. Heç birinin xeyir işini görmədi. Fağır, çox vaxtsız getdi. Hələ dünən məndən qızının təhsil haqqını ödəmək üçün borc istəmişdi. Görəsən indi zavallı övladlarına kim baxacaq? Kim saxlayacaq onları? - Mirzə kişi, bu sözləri deyib hönkürüb ağlayırdı.
Həsən Mirzə kişini qucaqladı. Sonra onun gözlərindən axan yaş damlalarını əlləri ilə silməyə çalışdı. Bir qədər sonra artıq sükut yaranmışdı. Arabir fəhlələrin sakit səslə söhbətləşmələri anlaşılmaz halda eşidilməkdə idi.
Beləcə, bu günün iş vaxtı bitməyə doğru gedirdi . Fəhlələr yavaş-yavaş əllərindəki işləri yekunlaşdırmaq üzrə idilər. Növbə ilə, bir-bir düşüb briqadarin otağının qapısını açır, günlük əmək haqlarını alırdılar. Həsən də otağa yaxınlaşaraq payına düşən iyirmiliyi götürdü. Onu iki yerə qatlayaraq şalvarının arxa cibinə qoydu. Üzündə heç bir məna ifadə etməyə təbəssüm peyda olmuşdu. İndi o, səhərdən düşündüyü arzusunu gerçəkləşdirməyi xəyal edirdi. Bu pulla bu axşam da qonşuluqda yaşayan fahişə Sevdanın yanına gedə bilərdi. Görünür, onun həyat amalı da elə bu idi.