Azərbaycan yığmasının güləşçisi Sabir Cəfərov İtaliyada keçirilən U-20 Avropa çempionatında qalmaqala səbəb olub.
Qaynarinfo xəbər verir ki, finalda erməni rəqibi Hayk Papikyana 2:3 hesabı ilə məğlub olan idmançımız təltifetmə zamanı Ermənistanın himni səslənərkən kürsünü tərk edib. Nəticədə onun gümüş medalı əlindən alınıb.
Məsələ ilə bağlı Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı Qaynarinfo-ya açıqlama verib:
"U-20 Avropa çempionatı Dünya Güləş Birliyinin (UWW) bayrağı altında keçirilir. Ona görə də yarışda baş verənlər UWW-nin qaydalarıyla tənzimlənir. Sabir Cəfərov ali qurumun mükafatlandırma mərasimiylə bağlı protokol qaydalarını pozub. Ümumiyyətlə, UWW bu kimi məsələlərə olduqca həssas yanaşır. Hətta güləşçi final fitindən sonra hakimin əlini qaldırmasını gözləmədən xalçanı tərk edərsə, yarışdan uzaqlaşdırıla bilər. Burada isə himn səslənərkən kürsüdən uzaqlaşma halı baş verib ki, bunun da cəzası diskvalifikasiyadır".
Maraqlıdı bu hədəkətə görə cəzalanacağı təqdirdə Güləş Federasiyası hansı addımı atacaq? Apellyasiya şikayəti verəcəkmi? Həmkarımız bu sualı belə cavablandırdı:
"Hələ ki bu barədə danışmaq tezdir. Buna rəhbərlik qərar verəcək"
Səbuhi Həsənov