Vüsal Bağırlı
Avtobusun dayanacağa yaxınlaşdığını görən kimi burnumun üzərindəki metal maska halqasını bərkidib qapıların açılmasını gözlədim. Nəhayət, qatlama qapılar açıldı, pilləkənlə qalxıb kartımı cükküldətdim və içəri göz gəzdirdim.
Salonda seyrəklik idi. Sərişinlərin əksəriyyəti maskalanmışdı. Keçib boş yerlərdən birində oturdum və biz yola düşdük. Yolum uzun, dayanacaqlar və işıqforlar saysız-hesabsız idi. Avtobus da tısbağa sürətiylə gedir, dayanır, gedir və yenə dayanırdı. O, səbir daşdıran çoxsaylı fasilələrlə irəliləyir, sərnişinləri elə hey ön qapıdan içəri doldurur, arxa qapılardan isə boşaldırdı.
Birdən, məndən iki oturacaq irəlidə oturmuş qadından fısıltıya bənzər qəribə səs gəldi: "Həpçi”.
Qorxduğu başına gəlmişdi. O, asqırmışdı. Qadın yerində narahatlıqla qurcalandı. Digər sərnişinlər də həmçinin. Yanında oturmuş digər qadın isə, üz-gözünü turşudub, başını yana çevirdi.
Az sonra, daha betər hadisə baş verdi. Qadın yenə asqırdı. Yaxınlıqda dayanmış, ətrafda oturmuş başqa sərnişinlərin təşviş dolu iti nəzərləri zavallı qadına dikildi. Yanındakı qadın durub, başqa yerdə əyləşdi. O, "cüt səbir gətirdim, inşallah düşərli olar” deyib zorla gülümsəməyə çalışsa da, bu təsəlli deyildi.
Qadın üçüncü dəfə asqıranda, sürücü belə qanrılıb geri boylandı. İçəridə, bütün sərnişinlər arasında ölçüyəgəlməz gərginlik hökm sürürdü. Qadın, "ah, birdən- birə mənə nə oldu belə, yəqin allergiyam var!?” dedi. Lakin, bu heç nəyi dəyişmədi. İnsanlar artıq, bərk səslə narazılıq edir, burunlarının altında donquldanır, söyüş söyürdülər. Həmin dəqiqə, onların əlinə odlu silah verilsəydi, yəqin ki, qadını düşünmədən, heç "uf” demədən, yerindəcə güllələyərdilər.
Yaxşı ki, qadın anlayış göstərib, düzgün qərar qəbul edə bildi. Avtobus dayanar-dayanmaz, cəld ayağa qalxdı və düşdü. Bəlkə də heç düşməyəcəkdi, lakin, buna məcbur oldu. Avtobusdakıların üzərindən, elə bil ağır yük götürüldü. İçəridə xoşagəlməz sükut hökm sürürdü.
Bu dəm, boğazım göynəməyə başladı. Tərslikdən, şiddətli dərəcədə öskürməyim gəlirdi. Özümü güc-bəlayla sıxıb saxlamağa çalışsam da, ölçüyəgəlməz qıcıq, boğazımı, bronxlarımı yandırıb-dalayırdı. Boynumla ciyərlərimin bitişdiyi nöqtəyə, eyni anda sanki, yüzlərlə iynə batırırdılar. Oturduğum yerdə zibilə düşmüşdüm. Dəhşətli əzablar içində qovrulurdum.
Lakin, sonadək əsl dirəniş və mətanət nümunəsi, müqavimət iradəsi nümayiş etdirdim. Düşənə qədər (təxminən on beş dəqiqə), öskürəyi sinəmdə boğmağı bacardım. Həmin an avtobusda olduğum müddət, mənə qərinələr qədər uzun göründü.